Gia Kuçava: “Paşinyan niyə Bakıya zəng etmədi?” - Tbilisidən ŞƏRH

Ermənistanın Azərbaycanla sərhəddə bir neçə gündür davam etdirdiyi təxribatların sonunda gözlənilən nəticə əldə edildi - ölkəmizin Silahlı Qüvvələri lazımı cavabı verdi. Bundan sonra Ermənistanın baş naziri əl-ayağa düşdü, qonşuları və başqa dövlətlərin rəhbərləri ilə danışıqlara başladı. O, gürcüstanlı həmkarı İrakli Qaribaşviliyə də zəng edib.

Gürcüstanlı analitik Gia Kuçava hakimiyyet.az-a açıqlamasında Ermənistan tərəfinin təxribatları ilə bağlı Gürcüstanda nə düşünüldüyü barədə danışıb:

- Fikrimcə, son gərginlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini pozmaq cəhdidir. Erməni müxalifəti, ilk növbədə, “Qarabağ klanı”ı adlandırılanlar çox gözəl başa düşürlər ki, Rusiyanı indi Ermənistan, Qarabağ, ümumiyyətlə, Cənubi Qafqaz maraqlandırmır. Bununla yanaşı, erməni müxalifətçilər də Şuşa Bəyannaməsi imzalanandan sonra Türkiyə və Azərbaycanın hərbi səylərini koordinasiya edəcəyinin, Rusiyanın isə heç nəyə qarşı çıxa bilməyəcəyinin fərqindədirlər.

- Bəs onda erməni müxalifətinin məqsədi nədir?

- Onlar sadəcə olaraq Ermənistanda hakimiyyəti ələ keçirmək istəyirlər, indiki mərhələdə onları başqa heç nə - nə ölkənin, nə də Qarabağın erməni əhalisinin taleyi narahat etmir. Unutmamalıyıq ki, bu, rusiyayönlü müxalifətdir. Hakimiyyət naminə onlar insanları qurban verirlər.

- Putinə, Makrona, Qaribaşviliyə və bir çox başqalarına zəng edən Ermənistanın baş naziri Nikol Paşinyanın davranışını necə şərh edərdiniz?

- Bəs Paşinyan niyə Bakıya zəng etmədi, niyə Azərbaycan Prezidenti İlham Əliyevlə danışmadı? Düşünürəm ki, Nikol Paşinyan lider kimi zəif çıxdı. O, hələ də kənarda - Rusiyada, Fransada onun üçün əlini daşın altına qoyacaq hansısa “dayı”lara ümid edir. Amma bu baş verməyəcək. Baxmayaraq ki, Ermənistanda, erməni KİV-də dərc olunan yazılara əsasən, onlar nədənsə bütün dünya dövlətlərinin ermənilərə borclu olduğuna və onlara kömək edəcəklərinə inanırlar. Niyə belə düşündüklərini nə bilirəm, nə də izah edə bilərəm.

Amma Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib danışmaq daha rahat və məntiqli olardı. Amma bu fikir Paşinyanın ağlına gəlməyib.

Buna baxmayaraq, hətta sərhəddəki gərginlikdən və şiddətli döyüşlərdən sonra belə hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq. Bütün ölkənin, indiki halda Ermənistanın bir qrup təxribatçının ardınca getməsinə imkan verməməliyik. Ümid edirəm ki, Ermənistanda sağlam düşüncə qalib gələcək.

Nair Əliyev

0.30951189994812