Ağlayan Nensi Pelosi - ermənidən artıq erməni - ŞƏRH + FOTO

ABŞ-ı çoxları qüdrətli və dünyanın əsas aparıcı gücü sayırlar. Bu baxımdan, ölkəni idarə edənlərdən də ədalətli davranışın gözlənilməsi təbiidir. Ancaq baş verənlər bu gücün təmsilçilərinin heç də həmişə ədalətin və haqqın yanında olmadıqlarını təsdiqləyir. Onlardan biri də ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosidir. 82 yaşlı siyasətçi ilk dəfə 2007-ci il yanvarın 4-də bu vəzifəyə seçilib. Bununla da ABŞ tarixində Nümayəndələr Palatasına sədr seçilən ilk qadın olub. O, prezident və vitse-prezidentdən sonra əhəmiyyətinə görə hakimiyyətdə üçüncü şəxsdir.

Demokratlar Partiyasının lideri, ABŞ Prezidenti Cozef Bayden kimi, onun da erməni lobbisinə və seçicilərinin səsinə olan sevgisinin əsasında anti-Türkiyə ruhu durur. Bayden Azərbaycana qarşı “907 saylı düzəlişin” əsas təşəbbüskarlarından olub. Eləcə də o, “erməni soyqırımı” kimi saxta tarixlə bağlı “Amerika xalqı 106 il (2021-ci ildə verilən açıqlamadır - red.) əvvəl başlayan soyqırımı nəticəsində ölən bütün ermənilərin xatirəsini yad edir” açıqlamasını verdi. Bununla da ölkəsinin tarixinə saxtakarlığı dəstəkləyən dövlət başçısı kimi də düşdü.

Nensi Pelosi də ABŞ-ın dünyadakı nüfuzundan istifadə edərək, partiyadaşı kimi, ermənilərin saxta tarixinin beynəlxalq ictimaiyyətə sırınması uğrunda “mübarizə aparan”lardandır. O, bununla əlaqədar ABŞ vətəndaşı olan erməni seçicilərə dəfələrlə vədlər verib. Sentyabrın 17-də İrəvana səfəri zamanı ermənilərin həmin “hadisə” ilə bağlı qoyduqları kompleksi ziyarət etməsi və orada göz yaşı axıtması bu öhdəliyin davamı kimi də dəyərləndirilə bilər. O bunu çox şişirtdi. Belə çıxdı ki, Aşağı Palatanın sədri “saxta tarix”ə ermənilərdən çox acıyır. 82 yaşlı siyasətçi bu rolu çox pis oynadı. Başqa sözlə, bu, ermənidən artıq erməni olmağa cəhd idi. Heç şübhəsiz, ağıllı ermənilər Nensi Pelosinin erməni seçicilərdən səs almaq üçün aktrisalıq etdiyini bilməmiş deyillər. Necə deyərlər, aldıqlarının qarşısında belə oynaması ikrahedici və şübhəli görünürdü.

Noyabrın 8-də ABŞ-da Konqresə seçkilər keçiriləcək. Ehtimal etmək olar ki, Nensi Pelosinin Cənubi Qafqaza səfəri və ermənilərin “tarix”i üçün ağlaması bu siyasi kampaniyaya hesablanıb. Bu “göz yaşları” yada Hindistan filmlərindəki seçkiqabağı səhnələri də salır... Türkiyəyə qarşı olan, saxta tarixi müdafiə edən Pelosinin anti-Azərbaycan çıxışı birmənalıdır. İrəvana səfəri zamanı reallıqdan uzaq çıxışları da bunu təsdiqləyir. ABŞ-ın dövlət rəsmiləri regionda sülh və əməkdaşlıq çağırışları edirlər. Bu məsələdə vasitəçiliklərini irəli sürürlər. ABŞ-ın 82 yaşlı rəsmisinin səfəri regionda Azərbaycanla Ermənistan, Ermənistanla Türkiyə arasında normallaşma prosesinə qarşı addımdır. O, bununla sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, əməkdaşlıq istiqamətində danışıqlar aparan rəsmi Bakı və İrəvanın yaxınlaşmasına problem yaradır. Tərəflər arasında ziddiyyətləri dərinləşdirir, iğtişaşı qızışdırır. Azərbaycanla Ermənistanın bir-birinə etimad və etibarına zərbə vurur.

Nensi Pelosi bu səfəri ilə Ermənistanın regiondakı pozuculuq əməllərinə haqq qazandırmağa xidmət edir. Rəsmi Bakının çoxsaylı cəhdlərinə baxmayaraq, rəsmi İrəvan dövlət sərhədlərinin müəyyənləşməsini süni şəkildə əngəlləyir. Bu və başqa baxımlardan 82 yaşlı siyasətçinin Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə ittiham etməsi də əsassızdır. Bundan başqa, nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanın Qazax rayonunun yeddi kəndini, Naxçıvanın isə bir kəndini hələ də işğal altında saxlayır. Bu, Nensi Pelosinin “göz yaşı” axıtdığı Ermənistanın baş naziri Nikol Paşinyanın “həmin ərazilərin Azərbaycana mənsubluğu sual altındadır və onların hüquqi statusu yoxdur” açıqlaması ilə də isbatlanır. Bu baxımdan, bütün sərhədyanı zona şərtidir və sual altındadır. Odur ki, əraziyə müdaxilə mövzusu ayrıca məsələdir və mövcud şəraitə görə yersiz görünür.

Qeyd edək ki, Nensi Pelosinin qərəzli münasibəti ilə ATƏT-in artıq nüfuzdan düşmüş və əhəmiyyətini itirən Minsk qrupunun fəaliyyətinin bərpasına cəhdi də uğursuzluğa yuvarlanır. O, regionda özünü “Aslan ürəkli Riçard” kimi də aparıb. Nensi Pelosi “müsəlman farslarla xristian ermənilər” arasında münaqişə tarixindən danışaraq 1500 il öncə baş vermiş, yaxud baş verdiyi iddia olunan hadisədən bəhs etməklə “xristian erməniləri” dəstəklədiyini vurğulayıb. O, bu çıxış və davranışı ilə daha çox səlibçiyə oxşayıb.

Palata sədrinin fəaliyyətində bir sıra qaranlıq məqamlar da olub. 2011-ci ilin noyabrında Pelosi və bir neçə konqresmen birjadakı məxfi məlumatlardan istifadə etməkdə günahlandırılıblar. Nümayəndələr Palatasında kredit kartı ödənişləri ilə bağlı rüsumları məhdudlaşdıran qanun layihəsi nəzərdən keçirilərkən onun “Visa” səhmlərini satın almasına dair məlumat yayılıb. Düzdür, o, ünvanına deyilənləri “sağ cinahdan atılan böhtan” adlandırmışdı. Bundan başqa, onu hakimiyyətin aviasiyasından şəxsi məqsədləri üçün istifadə etməkdə də qınayıblar.

Beləliklə, Qafqazda maraqları olan dövlətlərin daha çox regionda sülh, təhlükəsizlik, əməkdaşlığı təbliğ edərək bu istiqamətdə addımlar atması daha məqsədəuyğun sayılır. Ona görə də Brüsseldə keçirilmiş görüşlərin nəticələri və tərəflərin razılaşdıqları məsələlərin dəstəklənməsi regionun inkişafı baxımından daha məntiqli görünür. Nensi Pelosi yaşı və tutduğu vəzifəsi ilə bütün bunların həyata keçməsinə daha çox yardım edə bilərdi. Ancaq təəssüf ki, bu keyfiyyətlərindən ara qarışdırmaq, kin və nifrət yaymaq üçün istifadə edir.

Bizi belə öyrədiblər: analar və nənələr yalan danışmazlar. Nensi Pelosi həm ana, həm də nənədir. Ancaq Nensi ana və Nensi nənə öz övladlarına bu istiqamətdə nə öyrədib? Hər halda İrəvan səfərində onun doğruçuluğu müşahidə edilmədi.

“Report” İnformasiya Agentliyi

0.33089399337769