Millimizin baş məşqçisi: “Slovakiya ikinci evimdi”

Futbol üzrə Azərbaycan milli komandası sabah Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son səfər sınağına çıxacaq. Canni de Byazinin rəhbərlik etdiyi kollektiv Trnavada Slovakiyanın qonağı olacaq. 

Slovakiya klublarında oynamış çox az azərbaycanlı  futbolçu var. Onlardan biri Elxan Abdullayevdir. Hazırda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olan 52 yaşlı mütəxəssis ötən əsrin 90-cı illərində “Pyeştyani” və “Trençin” klublarında forma geyinib. 

Elxan Abdullayevin Sports.az saytına müsahibəsini təqdim edirik:

- 1995-96-cı illərdə Slovakiyada çıxış etmisiniz. Həmin ölkə ilə bağlı xatirələriniz necədir?

- Məndə ancaq xoş xatirələr qalıb. Bildiyiniz kimi, həmin vaxt Azərbaycanda vəziyyət yaxşı deyildi, müharibə gedirdi. Mən də cavan vaxtımda Avropanın göbəyinə düşdüm. Slovakiya həm futbolda, həm də həyatda mənə çox şey qazandırdı. Orada olduğum müddətdə yalnız pozitiv məqamlarla rastlaşmışam. Soruşsalar ki, ikinci evin haradır, cavabım Slovakiya olar. 

- “Pyeştyani”də atanız Ruslan Abdullayevin rəhbərliyi altında oynayırdınız. Ümumiyyətlə, necə olmuşdu ki, ora yollanmaq variantı yaranmışdı?

- Slovakiyaya atamdan tez getmişdim, ilk məşqçim Yaroslav Krovarik idi. Sonradan atam gəldi, onun rəhbərliyi altında oynadım. “Trençin”də də çıxış etmişdim. Slovakiyaya təsadüfən getmədim. “Pyeştyani”nin prezidenti Marat Manafov idi. Uşaqlıqda futbol oynayıb, atamın yetirməsi idi. Futbolu atandan sonra biznesə keçdi. Slovakiyaya gedəndən sonra “Pyeştyani”nin prezidenti oldu və atamı ora dəvət elədi. 

- Marat Manafov necə insan idi?

- Marat çox yaxşı adam idi, idmanı sevirdi. Şəhərdə futbolla yanaşı, xokkey komandası da saxlayırdı. “Pyeştyani”nin prezidenti olmaqla yanaşı, həm də komanda yoldaşımız idi, futbol oynayırdı. “Turan”da oynadığım vaxt məni ora dəvət eləmişdi. Atamla danışanda demişdi ki, Elxanın futbolçu olduğunu bilirəm, onu da gətir, komandamıza kömək eləsin. 

- Marat Manafovla bağlı çox söz-söhbətlər yayıldı. Onun sonrakı aqibəti necə oldu?

- Həmin söz-söhbətləri mən də eşitmişəm. Mən oradan ayrılandan sonra yoxa çıxıb, bu günə kimi də ondan xəbər yoxdur. Konkret olaraq itib, harada olduğu barədə məlumat yoxdur. 

- Onun qardaşı olan xalq artisti Fəxrəddin Manafovla necə, münasibətiniz var?

- Fəxrəddin müəllim də Slovakiyada yaşayırdı, sonradan köçdü Bakıya. Bir-birimizi 2-3 ildən bir görmək imkanımız olur. Bir dəfə şəhərdə, bir dəfə aeroportda görmüşəm. 

- Fəxrəddin Manafov da qardaşından xəbərsizdir?

- O da bizim kimi heç nə bilmir. Bu insan yoxa çıxıb... 

- Slovakiyada olanda sizə münasibət necə idi?

- Marat bəy rəhmətlik kişiyə inanırdı. “Pyeştyani” 32 il idi ki, yüksək liqaya çıxa bilmirdi. O da düşünürdü ki, atam komandanı elitaya çıxara bilər. Belə də oldu. Slovakların da bizə qarşı münasibəti çox yaxşı idi. Hər kəsin özündən asılıdır. Özünü yaxşı aparanda, ölkəyə hörmətlə yanaşanda onlar da sənə hörmət edəcəklər. Mən ancaq müsbət məqamlar xatırlayıram. Çünki insanlara hörmətlə yanaşırdım, orada keçirdiyim ilk ilimdən sonra slovak dilində sərbəst danışa bilirdim. Onlar da bunu çox yaxşı qarşılayırdılar. 

- Slovakiyada hələ də əlaqədə olduğunuz kimsə var?

- 30 ilə yaxın vaxt keçib. Rəhbərliyi altında oynadığım baş məşqçilər rəhmətə gedib. Komanda yoldaşlarım da yaşlaşıb. Həmin dövrdə mobil telefonlar da yox idi ki, əlaqə nömrəsi götürək. Ancaq yenə də 1-2 nəfərlə sosial şəbəkə vasitəsilə danışıram. 

- Sonradan nə vaxtsa ora getmək imkanınız olub?

- İki dəfə Slovakiyada olmuşam. 2001-ci ildə U-21 yığması onlarla eyni qrupda yer almışdı. Mən də Əsgər Abdullayevlə birlikdə yığmada işləyirdim. İkinci səfərim də “İnter”lə Çempionlar Liqasının təsnifat mərhələsində Trnava “Spartak”ı ilə səfər matçına təsadüf edib. 

- Əsas milli ilə yenidən Slovakiyaya yollana bilərdiniz?

- A millidə işləmirəm. Necə deyim ki, sizinlə getmək istəyirəm? Bu düz çıxmaz. 

- Azərbaycan yığması Millətlər Liqasında son iki oyununa çıxacaq. Slovakiya və Qazaxıstanla matçlardan nə gözləyirsiniz?

- Ən azı yaxşı oyun gözləyirəm. Düzdür, yığmamızın qrup birincisi olmaq şansı hələ davam edir. Amma məncə, həmin imkanı itirmişik. Çünki heç nə bizdən asılı deyil. Möcüzə olmalıdır ki, qrup birincisi olaq. Bu möcüzəyə də inanmıram. Ancaq qarşıdakı iki görüşü yaxşı keçirmək, qələbə qazanmaq olar. Bizimlə yanaşı, Qazaxıstan və Slovakiyaya da xallar lazımdır. Buna görə də vuruşacaqlar. 

- Qrupda 3-cü yerdə gedən yığmamız real baxsaq, bu iki matçda daha nə qədər xal toplaya bilər?

- 6 xal qazanmaq da mümkündür, xalsız qalmaq da. Proqnoz verməkdə çətinlik çəkirəm. Məsələn, sabah Qazaxıstan – Belarus oyunu erkən saatlarda olacaq. Qazaxıstan həmin görüşdə qələbə qazansa, birinci yeri təmin edəcək. Ondan sonra Bakıya hansı heyətlə gələcəyini müəyyənləşdirmək çətindir. Həmçinin Qazaxıstan Belarusa qalib gəlsə, Slovakiya yığmamızın önünə motivasiyasız çıxa bilər. 

- Baş məşqçi Canni de Byazinin müqaviləsi bitmək üzrə olduğundan, yığmanı son iki oyununa çıxaracaq. Bu amil italiyalının işə həvəssiz yanaşmasına səbəb olmaz?

- Hər bir məşqçi öz işini sona qədər yaxşı görmək istəyər. Deyərdim ki, bu matçlar Canni de Byazi üçün hamıdan maraqlı olacaq. Çünki nəticələr onun karyerasına yazılacaq. Futbolçuları oyunlara motivasiyasız hazırladığına inanmıram. Peşəkar məşqçi kimi öz işini axıra qədər görəcək. 

- Komandamız evdə uduzduğu Slovakiya ilə (0:1) bu dəfə rəqibin meydanında üz-üzə gələcək. Sizə də yaxşı tanış olan Slovakiya səfərindən nəyəsə ümid eləmək olar?

- Əlbəttə ki, Slovakiya bizdən hərtərəfli güclü komandadır. Amma Qazaxıstan nəticələri ilə sübut elədi ki, hər bir rəqiblə oynamaq olar. Qazaxların bizdən güclü olduğunu deməzdim. Eyni səviyyəli komandalarıq. Onlar Slovakiyanı hər iki oyunda udmaqla bizə nümunə göstərdi. Futbol indi güclü-zəifə baxmır. Reytinq, statistika meydandakı mübarizəni əks etdirməyə bilər.

0.30600595474243