“Səngərdə olan qardaşlarımızın daim yanındayıq” - 16 medalla təltif olunan qazi + FOTO

“Düşmən sentyabrın 12-si və 13-də törətdiyi təxribatların cavabını aldı. Lokal əməliyyat keçirildi. Düşmən nə qədər ki təxribatlara əl atacaq, qarşısında daim Azərbaycan Ordusunu görəcək”.

Bu sözləri hakimiyyet.az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə deyib.

Onun sözlərinə görə, son döyüşlərdə yaralanan əsgərlər yenidən döyüşə qayıtmaq istədiklərini bildiriblər:

“12-13 sentyabrda yaralanan yoldaşlarımızı ziyarət etdim. Hamısı döyüşə qayıtmaq istəyirdi. 44 günlük müharibədə də belə idi. Yaralansalar belə, təxliyə olunmaq istəmirdilər. Bir hədəf var idi, o da irəli getmək. Təxliyə olunanlar da iki gün sonra döyüş meydanına qayıdıb gəlirdilər”.

Vətən müharibəsi qazisi hərbiyə atasının tövsiyəsi ilə yollandığını deyib:

“Hərbiyə marağım valideynimin tövsiyəsi ilə olub. Vətən müharibəsində unuda bilmədiyim çox anlar oldu. Sözlə ifadə etmək mümkün deyil. Yaşayıb görəsən gərək. Yoldaşlarımın şəhid olması, Şuşa əməliyyatları - bunlar heç vaxt ağlımdan çıxmayacaq. Yaralıları özümüzlə birlikdə irəli aparırdıq. Çünki hər kəs o yerləri görmək arzusunda idi. Şükür Allaha, qalib gəldik”.

Bəhruz Məmmədzadə deyir ki, döyüş zamanı irəli gedəndə dua edirmişlər ki, işlərini sonlandırmamış şəhid olmasınlar:

“Şəhidlik uca zirvədir. İlk günlərdə itki olmasını istəmirdik. Çünki hər kəs axıra qədər gedib, o anı görmək istəyirdi. Hərbçilərin bir məqsədi olur - o da qarşıya qoyulan tapşırığı yerinə yetirmək. Kaş 44 günlük zəfərimizi şəhid olan qardaşlarımız da görərdilər”.

Vətən müharibəsi qazisi sonda səngərdə olan əsgərlərə müraciət edib:

“Səngərdə olan əsgərlərimizə demək istərdim ki, mətin olsunlar. Böyük qardaşları olaraq hər zaman onların yanındayıq. Sentyabrın 12-də də biz könüllü olaraq öz bölmələrimizə müraciət etdik. Onların yanında olmaq istədik. 44 günlük müharibədə Azərbaycan xalqı necə arxa-dayaq oldusa, biz də o qaydada əsgərlərimizin yanında olacağıq”.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Bəxtiyar Məmmədzadə Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. Şuşa döyüşündə yaralanıb. Kəllə-beyin travması alıb. Döyüşlərdə fərqləndiyinə görə 16 medalla təltif olunub. Bunların sırasına yubiley və xüsusi xidmət medalları da daxildir.

Nəzrin Vahid

0.30762314796448