Xızıda dağlıq-meşəlik ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

20:06

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

17:12

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib və yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

FHN-dən verilən məlumata görə, yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə olaraq Nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

16:06

Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova hakimiyyet.az-a bildirib ki, hazırda ETSN-in yerli qurumları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə işlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

0.35720992088318