İranda tüğyan edən mitinqlər: Tehran “xarici dirijoru tapdı” – TƏHLİL

İrandakı iğtişaşların, mitinqlərin miqyası vüsət aldıqca Tehran proseslərdə xarici dirijor axtarışlarına girişir.

Yox, Tehran bu dəfə İsrailin bostanına daş atmayıb, ümumiyyətlə, İran son aksiyalara nisbətdə İsrail amilini çox da qabartmağa çalışmır. Ona görə ki, İslam Respublikası düşməni İsrailin həddindən artıq güclü olduğunu qəbul etmiş kimi görünər və bu zaman daxildə qızışmış emosiyalar “İsrail mərkəzli” sindrom kimi inkişaf edər.

İran hələlik ilk oxları Böyük Britaniya və Norveçə atıb, belə ki, hər iki ölkənin Tehrandakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar və onlar, necə deyərlər, məzəmmət ediliblər.

Təqdim edilən etiraz notalarının motivi iki ölkəyə münasibətdə vahid yanaşmanı ifadə edir, yəni Britaniya da, Norveç də İrandakı aksiyaları alovlandıran addımlar atırlar: Britaniya media vasitəsilə, Norveç isə parlament səviyyəsində.

Norveç dünya üzrə ambisiyalı dövlət deyil, o, Qərb sisteminin bir parçası olaraq İrana qarşı tövr nümayiş etdirir, ona görə də əsas vurğu Britaniya üzərinə qoyulur.

Məntiqi cəhətdən Britaniyanın İrandakı hadisələri yönləndirmək cəhdləri mənalı görünür, çünki Londonun qlobal çərçivələrinin hüdudsuzluğu onu İran barəsində də gizli, lakin qətiyyətli fəaliyyətə kökləyir.

Buna görə də Britaniya əlində olan qeyri-rəsmi vasitələrdən İrana qarşı yararlana bilər, bu, heç təəccüblü də deyil.

Həmin alətlərdən biri də Britaniyadakı iranlı icmasıdır və Birləşmiş Krallıq onlara bir növ himayəçilik edir.

Niyə də olmasın, axı Britaniyanın “Qlobal Britaniya” strategiyasının “qara siyahı”sında İran da var. London Tehranın regional və beynəlxalq siyasətini təhlükəsizlik mühitini pisləşdirən və beynəlxalq nizamı zəiflədən postulat kimi dəyərləndirilir.

Ona görə də ABŞ-la yanaşı, Britaniya da İranda baş verənləri böyük şövq və həyəcanla izləyir və nəticələri öz xeyrinə dəyişdirmək üçün həm təkbaşına, həm də koordinasiyalı iş aparır.

Britaniya narahatlıqlarını və prioritetlərini ABŞ-la bölüşür, hərçənd ki, Vaşinqton Tehranla münasibətlərindəki nüvə anlaşılmazlığını, sanksiyaları aradan qaldırmaq niyyətindədir.

Sadə məntiq isə deyir ki:

1. ABŞ İrana yumşalma siyasəti tətbiq edir;

2. Bu, Britaniyanın bəzi prioritetlərinin qarşısını kəsir;

3. Britaniya buna görə də İsraillə əməkdaşlıq xəttini inkişaf etdirir və iki ölkə arasındakı təhlükəsizlik tərəfdaşlığı yenilənir.

Şübhəsiz ki, indi İrana dair qorxulu planlarda aparıcı xətt Britaniya və İsrailə məxsusdur, Tehran britaniyalı səfir Simon Şerkliffi XİN-ə çağıraraq qabaqdangəlmişlik edir, “bizim bu planlardan xəbərimiz var” işarəsini verir.

İrandakı hadisələr Britaniyanın regiondakı iştirakçılıq dozasını formalaşan yeni düzənə mütənasib qaydada çoxaldacaq.

Yeni salınan marşrutda Britaniya İrana qarşı hab yaratmaq üçün region dövlətlərinin narahatlıq və prioritetlərini öz quruluşuna inteqrasiya edəcək.

Aqşin Kərimov

0.28400588035583