Şahin Rəhmanlı: “Vətənə çevrilən qəhrəmanlar”

Bu gün biz doğma vətənimizdə, müstəqil Azərbaycanımızda şəhidlərimizi Anım Günündə yad edirik.

İndi Vətənimizə xidmət etmiş, canını və qanını fəda etmiş, döyüş yoldaşına gövdəsini sipər etmiş böyük qəhrəmanlar haqqında danışmaq böyük məsuliyyətdir, qürurdur! İnanıram ki, bu yüksək həssas və şərəfli günü qeyd edən hər kəs üzərində azad və sərbəst şəkildə hərəkət etdiyi bu torpaqların necə “Vətənə” çevrilməsi haqqında düşünür. 27 sentyabr 2022-ci ildə, Vətən müharibəsindən 2 il sonra  Azərbaycan əsgəri Şuşada, Gövhər ağa məscidinin pilləkənlərində dayanaraq o məşhur “Qarabağ Azərbaycandır!” sözünü söyləyir. Bütün həmvətənlərimizin, şəhidlərimizin və ordumuzun səsi birlikdə o nidanı deyir. Başqa yol yoxdur. 

Döyüş meydanlarından şəhid məzarına qədər uzanan bu şərəfli yolun hənirtisi gözəl vətənimizin hər yerindən daha yaxşı duyulur. O hənirti ki, xalqımızı dəmir yumruq kimi birləşdirib. Biz azərbaycançılıq ənənələrinə sadiq, vahid xalq anlayışına uyğun yaşamağa çalışan, birliyi bacaran bir millətik. Bu günü diqqətlə dinləsək, birliyin vacibliyini xatırladan Vətən müharibəsinin mənəvi yükünü bir daha anlamış olarıq. Xüsusilə, Anım Günündə bir daha xatırlamış oluruq ki, Vətənimizə sadiq bir xalq olaraq şəhidlərimizin əmanətinə sahib çıxmaq, onu qorumaq və hörmət etmək bizim borcumuzdur.

Bu Anım Günündə Vətənimizi müdafiə etmək üçün qəhrəmancasına döyüşmüş və şəhid olmuş əsgər və zabitlərimizi yad etmək üçün onların xidmətlərinin hər birimiz və hamımız üçün, müstəqil Azərbaycan üçün olduğunu xatırlamaqdan daha yaxşı bir yol düşünə bilmirəm. İndi gənclərimiz həm də şəhidlərimizin əmanətlərini – onların ailə üzvlərini unutmamalı, hər zaman dəstək olmalı və yardım üçün hazır olmalıdır.

Bu gün Vətən müharibəsindən artıq 2 il ötür. Bizim isə qarşımızda heç vaxt dəyişməyəcək məsuliyyət var: Həyatını bu Vətənin bütövlüyü uğrunda fəda etmiş igid qardaş və bacılarımızın xatirəsini əbədiyyətədək yad etmək. Onların əmanəti olan bu Vətəni qorumaq və inkişaf etdirmək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı

0.30983686447144