Nazir müavini: “Azərbaycanda meşə yanğınları oduncaq itkisinə səbəb olmayıb”

“Heç bir dövlət meşə yanğınlarından sığortalanmayıb. Bu il genişmiqyaslı yanğınlar daha çox şimal bölgəsində qeydə alındı. Yanğının əhatə dairəsinin geniş olmasının əsas səbəbi havanın həddən artıq küləkli olmasıdır. Elə günlər olurdu ki, küləyin sürəti saniyədə 20-22 metrə çatırdı”.

hakimiyyet.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğınların söndürülməsi üçün su lazımdır:

“Azərbaycan azsulu ölkədir, həmçinin yüksək dağlıq ərazilərdə sututarlar mövcud deyil. Meşələrin 85 faizinin dağlıq ərazilərdə olduğunu nəzərə alsaq, hansı çətinliklərlə üzləşdiyimizi təsəvvür etmək mümkündür. Dağlıq ərazilərdə texnikanın hərəkəti mümkün deyil. Bu zaman amfibiya təyyarələrdən istifadə olunur ki, onların da küləkli günlərdə havaya qalxması risklidir. Ona görə də hər zaman vətəndaşlara, xüsusilə fermer təsərrüfatlarının sahiblərinə odla diqqətli davranmaq barədə çağırışlar edirik”.

Nazir müavini bildirib ki, Azərbaycan meşələrində enliyarpaqlı ağaclar üstünlük təşkil etdiyindən, meşə yanğınları zamanı demək olar ki, oduncaq itkisi olmur:

“Əsasən alt yarus, yəni kol-kos, ot örtüyü yanır. Dağlıq ərazilərdə ot örtüyü daha qalındır. İlk növbədə onlar yanmaya məruz qalır. Fərq etməz meşə fondu, bələdiyyə torpağı olsun, bir kvadratmetr ərazi yanırsa, buna çox məyus oluruq. Çünki həmin ərazi bizim Vətənimizin bir parçasıdır”.

Azərbaycanın azmeşəli ölkələr sırasında olduğunu diqqətə çatdıran nazir müavini əsas prioritetin mövcud meşələrin qorunması olduğunu diqqətə çatdırıb:

“Əkdiyimiz fidanların nə zaman ağac olması sual altındadır. Meşə strateji məhsuldur. Hər birimizin borcudur ki, onu qoruyub gələcək nəsillərə saxlayaq.  Hər bir vətəndaş meşələrin qədrini bilməlidir”. 

F.Əliyevin sözlərinə görə, kameralar quraşdırılan meşələrdə çox az hallarda yanğın baş verir:

“Lakin hər yerdə də kamera quraşdırmaq olmaz. Bu, çıxış yolu deyil. Əlavə dövlət vəsaitləri sərf edincə, vətəndaşların məsuliyyətli olması daha səmərəli nəticə əldə etməyimizə kömək edə bilər. Azərbaycanda meşə yanğınlarının 98 faizi antropogen amillərlə bağlıdır. Kəndlərin ətrafında yerləşən meşələrə daha çox müdaxilələr olur”.

0.33462500572205