Azərbaycan boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib medalı təmin etdi - FOTO

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda ilk olaraq rinqə Nərmin Əlizadə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan boksçu Mahur Marikyanla (Ermənistan) döyüşüb. Əlizadə hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb.

Nərmin yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, 1/2 final döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq.

Qeyd edək ki, Avropa çempionatında 1/4 final döyüşləri sabah başa çatacaq.

0.31111907958984