Xətaidə baş vermiş yanğın zamanı 7-si uşaq olmaqla 37 nəfər təxliyə olunub – YENİLƏNİB + FOTO/VİDEO

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Sözügedən yanğınla bağlı FHN növbəti dəfə açıqlama yayıb.

Qurumdan bildirilib ki, yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində iki nəfər bina sakini yüngül xəsarət alıb.

17:53

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yaşayış binasında baş verən yanğın söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

İlkin məlumata əsasən, yanğın 17 mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib. 

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.

16:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə hakimiyyet.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

0.5005931854248