Toğanalıda çay zibilxanaya çevirildi - FOTO

Göygöl rayonu, o cümlədən Toğanalı kəndi füsunkar təbiətə malik yaşayış məntəqəsidir. Bu kəndin içi ilə axan, ətrafı meşəliklə, müxtəlif ağaclarla əhatələnən Kürəkçay hövzəsi Qərb bölgəsində yaşayanların, həmçinin Azərbaycanın digər ərazilərindən gələn qonaqların əsas istirahət məkanıdır.

Məhz buna görədir ki, Kürəkçayın bu kənd ərazisindən keçən hissəsinin sağ və sol sahillərində boş yer tapmaq mümkün deyil. Hər iki sahil müxtəlif restoranlar, istirahət mərkəzləri və iaşə obyektləri ilə əhatələnib. Kəndin inkişafı, əhalisinin sosial durumunun daha da yaxşılaşması baxımdan bütün bunlar müsbət hadisədir. Təəssüf doğuran məqam çay boyu fəaliyyət göstərən iaşə və ticarət obyektlərinin, orada istirahət edən vətəndaşların ekologiyaya mənfi münasibətidir. Çay sahillərində müxtəlif ərazini bir günlük kirayə edib ailəvi istirahət edən, biş-düş edən, süfrə açıb yemək yeyən insanlar, yaxud iaşə obyektlərində istirahət edənlər əllərinə keçən zibili Kürəkçaya atırlar.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Çay sahilində 5-10 dəqiqə dayanıb müşahidə etsək, hər an suda üzüaşağı axıdılan müxtəlif tullantıları, plastik və alüminium içki qablarını, qarpız, yemiş qabıqlarını, içinə zibil yığılmış sellofan torbaları görə bilərik. Sahilboyu hərəkət etdikcə zibil qalıqlarının ətraflarda ilişib qaldığı da açıq-aydın gözə dəyir. Kürəkçayın sahili boyu fəaliyyət göstərən obyektlərdə maarifləndirici, çayı zibilləməkdən çəkindirici hər hansı məlumat lövhəsinə, qadağanedici işarələrə rast gəlinmir. Ən maraqlı və anormal məqam budur ki, insanlar özləri zibilin çaya atılmasını normal hal kimi qarşılayırlar.

Təbiətə belə biganə münasibət nədən qaynaqlanır? Toğanalıdakı sahibkarlıq subyektləri, yerli əhali, həmçinin istirahətə gələrək günlərlə o kənddə qalan insanlarla bu mövzuda maarifləndirici söhbətlər aparılırmı? Göygöl rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova təəssüflə bildirdi ki, Toğanalıya istirahətə gələn vətəndaşlar bəzi hallarda ətrafa biganə münasibət bəsləyir, tullantıları çaya atmaqla ekologiyaya ziyan vururlar. O, məsələnin araşdırılacağını, tullantılar olan ərazilərin təmizlənəcəyini vurğuladı. Qeyd etdi ki, təbiətə ziyan vurmamaq barədə ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəfələrlə xəbərdarlıq edilib, obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, işçi qüvvəsi cəlb edilərək Kürəkçay tullantılardan təmizlənib. K.İbrahimova flora və faunanın sadəcə aidiyyəti qurumlar tərəfindən deyil, hər bir vətəndaş tərəfindən qorunmasının əhəmiyyətini diqqətə çatdırdı. İcra hakimiyyəti rəsmisi media qurumu olaraq bu problemə diqqət çəkdiyimizə, məsələni ictimailəşdirdiyimizə, həssas yanaşdığımıza görə minnətdarlıq etməyi də unutmadı.

Toğanalı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndə Xalid Ələkbərov və Toğanalı bələdiyyəsinin sədri Qurban Quliyev də bizimlə söhbətində Kürəkçayın zibillənməsindən narahatlıqlarını dilə gətirdilər. Bildirdilər ki, çay hövzəsi, sahillər dəfələrlə məişət tullantılarından təmizlənib, ərazidəki sahibkarlıq subyektlərinə, ayrı-ayrı şəxslərə qarşı dəfələrlə cərimələr tətbiq olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, xəbərdarlıq edilib. Onların sözlərinə görə, bütün bu addımlar, o cümlədən inzibati qaydada görülən tədbirlər bəzi vətəndaşlara xoşagəlməz vərdişlərini tərgidə bilmir. Vəzifəli şəxslərin iddiasına görə, hətta məişət tullantılarının toplanması üçün əraziyə qoyulan zibil qutuları da naməlum şəxslər tərəfindən oğurlanır. 

Göygöl rayonundan Milli Məclisə deputat seçilmiş Elşad Mirbəşiroğlu ekoloji təhlükəsizliyin təmin olunmasının əhəmiyyətinə toxunaraq, Toğanalı kəndində Kürəkçayın zibillənməsinin bir problem kimi aidiyyəti qurumların da qarşısında qaldırılmasının vacibliyini dilə gətirdi:

“Müxtəlif instansiyaların dəstəyini almaqla məsələnin həllinə çalışmaq gərəkdir. Ekoloji təhlükəsizlik ölkəmizdə ən ali səviyyədə diqqət mərkəzində saxlanılır. İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə üstünlük veririk. Ekoloji mühitin qorunması fəaliyyət istiqamətlərində prioritet kimi müəyyənləşdirilib. Ona görə mən də millət vəkili olaraq medianın qaldırdığı bu problemin həllinə əlimdən gələn dəstəyi verməyə hazıram. Məsələni aidiyyəti qurumlar qarşısında qaldıracağam”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova təəssüf hissi ilə qeyd etdi ki, belə antisanitar vəziyyət bir çox sahil boyu ərazilərdə, çay kənarlarında müşahidə olunur. O, artıq nazirliyin əməkdaşları tərəfindən məsələ ilə bağlı araşdırmalara başlanıldığını, qanun çərçivəsində lazımi addımların atılacağını söylədi.

Sonda qeyd edək ki, problemi aidiyyəti qurumların diqqətinə çatdırdıqdan sonra Kürəkçayın bəzi hissələrində təmizlik işlərinə başlanıldı.

0.32703399658203