Azərbaycanda ilk dəfə “Baku International CEO Summit” keçirilib - FOTO

Noyabrın 15-də ölkəmizdə ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən “Baku International CEO Summit 2022” tədbiri keçirilib.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, “Baku International CEO Summit” tədbiri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan Milli Prioritetlər”dən birincisi, “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə dövlət-özəl əməkdaşlığının inkişafı, işgüzar mühit və korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə təşkil olunub.

Tədbirdə yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorları, dövlət qurumlarının vəzifəli şəxsləri və dünyanın aparıcı konsultasiya şirkət rəhbərləri ilk dəfə vahid platformada müasir idarəetmə sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, biznesin gələcəyi, rəqəmsal transformasiyalar, yeni müştəri portreti və onun davranışları və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.

0.28438997268677