Bakıda evdə yanğın olub, ölən və xəsarət alan var

Bakı şəhərinin Səbail rayonunda evdə yanğın olub, bir nəfər ölüb və bir nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 58 kvadratmetr olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 24 kvadratmetr sahədə, bir otağının taxtadan ibarət tavanı 17 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 48 kvadratmetr sahədə, bitişik, ümumi sahəsi 8 kvadratmetr olan taxta konstruksiyadan ibarət köməkçi tikili 5 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan evin digər otağının tavanı qarsalanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

0.3187849521637