Deputat şikayətləndi: “Maşın parkı köhnə, ehtiyat hissələri bahadır”

“Dünyada ən çox çörək istehlak edən xaqlar sırasındayıq. Hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Türkiyə üçün bu rəqəm 104 kq, Bolqarıstanda 95 kq və Yunanıstanda 89 kq təşkil edir. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”.

hakimiyyet.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat Azərbaycanın yükdaşımalardan qazana biləcəyi dividentlərdən də söz açıb.

O bildirib ki, yükdaşımalar ən perspektivli sahə olmalıdır.

“Biz 2019-cu ilin nəticələrindən çıxış edərək ölkəmizin həmin ildə yükdaşımalarının 250 milyon ton təşkil etdiyini deyə bilərik. Daşınan malların 88%-i avtomobil nəqliyyatı, 8.4 faizi dəmir yolu, 3.4 faizi dəniz və 0.1%-i hava nəqliyyatının payına düşür. Lakin büdcəni gəlirdən və vətəndaşları 100 milyonlarla dollar qazancdan məhrum edən, onları Rusiya, Türkiyə və Gürcüstan yükdaşıyıcıları qarşısında zəif salan bir neçə amildir. İlk növbədə, iri yükdaşıyan avtobillərin 2012-ci ilədək “Avro-5, həmin ildən sonra “Avro-6” standartlı yanacaq istifadə olunduğu halda neft ölkəsində biz hələ də onu kütləvi istehsal edə bilmirik”, - deyə deputat əlavə edib.

Zahid Oruc qeyd edib ki, Azərbaycanda maşın parkının köhnəliyi, ehtiyat hissələrinin bahalığı mövcuddur. İxtisaslı kadrların yetişdirilməsində Təhsil Nazirliyi ehtiyacları öyrənmir. Vətən müharibəsindəki qələbə, eləcə də Rusiya-Ukrayna savaşı ilə böyük qitələrarası iqtisadi əlaqələrin köklü dəyişməsindən sonra Zəngəzur dəhlizinin açılmasından daha çox qonşu dövlətlər və özəl kompaniyalar deyil, milli şirkətlərimiz qazanmalıdır”.

Aqşin Kərimov

0.346843957901