İnflyasiya və bahalaşma fonunda maaş və pensiyalara artımlar ediləcəkmi?

Pərviz Heydərov yazır...

İlin başa çatmasına az qalır. Yeni il ərəfəsində və 2023-cü ildə ərzaq və xidmət qiymətlərinin daha kəskin şəkildə artacağı gözlənilir. Buna üç amil zəmin yaradır: birincisi, növbəti ildə ölkədə bir sıra sosial ödənişlərin - əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılacağı, ikincisi isə həm yeni illə bağlı, həm də qlobal miqyasda bahalaşmanın bir az da qızışacağı, üçüncüsü isə ölkəmizdə Tarif Şurasının nəzarətində olan bəzi qiymətlərin artırılacağı ehtimalı. 

Məsələn, adi sərnişindaşıma şirkətləri bu xidmət növündə qiyməti artırmağı təklif edirlər ki, onların bildirdiklərinə görə gediş haqqının 30 qəpik olması xərci ödəmir və bunu, ən azı 50 qəpik etmək lazımdır. Bundan əlavə, bəzi növ kommunal xidmətlərinin də qiymətlərini artırmaq təklifləri mövcuddur.

Bəs bizi yeni il ərəfəsində və ondan sonra nə gözləyir, doğrudanmı, istehlak bazarında vəziyyət daha pis olacaq? Ümumiyyətlə, qeyd olunan ehtimallar və gözlənti özünü doğrulda bilərmi?

Bahalaşma olacaq deyəndə, nəzərə almaq vacibdir ki, bu proses artıq iki ildir davam edir və səngimək istiqamətində də hələ ki heç bir əks mənzərə nümayiş etdirmir. Rəsmi olaraq inflyasiya səviyyəsi 14 %-in üstündə, ərzaq üzrə isə 20%-dən çox təşkil edir. Yeni il ərəfəsində istehlak qiymətlərində yüksəlmə ənənəvi xarakteri daşıyır. Xüsusən də ərzaq məhsulları üzrə.

Növbəti ildə nə baş verəcəyini isə söyləmək tezdir. Bəli: Tarif Şurasının nəzarətində olan qiymətlərin bəziləri üzrə artıma gediləcəyi mümkündür. Nəqliyyatda da o cümlədən... Ancaq ümumi bahalaşma fonunda hökumət buna hər halda ehtiyatla yanaşacaq və mümkün dərəcədə az təsirli olmasına çalışacaq.

Ümumiyyətlə, əsas odur, ümumi bahalaşma tendensiyası dayansın. Bu da qlobal vəziyyətdən asılıdır. Gərginliyi yaradan məhz budur. Ümumi qiymət yüksəlişi dayanmasa, istənilən xırda inhisar qiymət dəyişikliyi inflyasiyaya əlavə sürət qatacaq. Söhbət, Tarif Şurasının ehtimal olunan hər hansı bir qiymət dəyişikliyi qərarından gedir. 

Bəli, gələn il sosial istiqamətdə artımlar da həyata keçiriləcək. Və bunlar hazırkı inflyasiya səviyyəsini müəyyən dərəcədə kompensasiya edəcək. Amma inflyasiya azalmalıdır, əks təqdirdə istənilən sosial artım onun yeminə çevriləcək.

Fikrimi tam izah etmək üçün rəqəmlərə keçirəm... Maaş və sosial ödənişlərin nə qədər artırılacağını hələ bəlli deyil. Lakin əvvəlki illərdə olduğu kimi, gələn ilin də dövlət büdcəsinin bir az da çox sosialyönümlü xarakter daşıdığı məlumdur. 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətə ( əməyin ödəniş fonduna, ərzaq məhsullarının alışına, təqaüd və sosial müavinətlərə, dərman, sarğı ləvazimatları və materiallarının alınmasına, icbari tibbi sığorta və koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlərə) 15 milyard 218 milyon 900 min manat ayırmaq nəzərdə tutulub ki, bu da cari ildəkinə görə 1 milyard 289 milyon 200 min manat (9,3%) çoxdur.

Gələn il yaşayış minimumu cari illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% artırılacaq. Və ilk dəfə olaraq, ölkədə gələn il yaşayış minimumu ilə ehtiyac meyarı göstəriciləri bərabərləşərək, eyni məbləğdə - 246 manat təşkil edəcək.

Ümumiyyətlə, 2023-cü ildə müavinətlərin, pensiyaların artırılması üçün 2 milyard 598 milyon manat xərclənəcək ki, 2023-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləği isə 898 manat proqnozlaşdırılıb. Hazırda bu rəqəm 827,4 manat təşkil edir.

Demək istədiyim odur ki, bütün bunların inflyasiya və bahalaşmaya əlavə təkan yaradacağı istisnadır. Ən azı ona görə ki, 2019-cu ildəki təcrübə sosial artımların bunda az rol oynadığı və ya heç oynamadığını sübut etdi. Həmin ildə iki sosial paket həyata keçirilmişdi. 

Yeri gəlmişkən, cari ilin ötən 10 ayı ərzində ölkədə istehlak qiymətləri indeksinin ötən ilin eyni dövrü ilə müqayisədə təkrar edirəm 14%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 20%, qeyri-ərzaq sarıdan 8%, əhaliyə göstərilən ödənişli xidmətlər sferasında isə 11% təşkil etdiyi qeydə alınıb.

Bəli, növbəti ildə gözlənilən sosial artımlar yuxarıda qeyd etdiyim kimi bütün bunları üstələyəcək. Ancaq... Ölkədə antiinflyasiya tədbirləri gücləndirilməsə və genişləndirilməsə əks tendensiya müşahidə edəcəyik. O səbəbdən ki, bu proses sırf ölkəmizlə əlaqədar deyil, söhbət qlobal trenddən, ümumi tendensiyadan gedir. Məsələn, qardaş Türkiyədə inflyasiya son 25 ildə rekord vurub.

Odur ki, bahalaşmanın özünü önləmək lazımdır. Hökumət inflyasiya prosesi ilə mübarizə aparmaq üçün cari ilin əvvəlindən “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlamışdı. Bu plan lazımi səviyyədə istənilən nəticəni vermədi.

Ona görə ki, antiinflyasiya tədbirləri ölkədə ilk növbədə pul-kredit siyasəti alətinin çevik təsirə və idarəetməyə malik olması ilə qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək imkanı yaratmaqla, özünü bəzi növ idxal ərzaq məhsulları üzrə müvafiq güzəştlərə gedilməsi, yerli məhsulların istehsalı sahəsində stimullaşdırıcı bazanın yaranmasında göstərməlidir. Bu zaman, Tarif Şurası bəzi növ qiymətləri lap artırsa belə, bu da heç bir mənfi fəsad törədə bilməz.

0.30233120918274