Bütün bədəni yanan 6 yaşlı qız çarəsizcə yardım gözləyir: Müalicəsi üçün evlərindəki hər şeyi satıblar - FOTO

Bakıda altı yaşlı qız çarəsizcə yardım gözləyir.

Bu barədə hakimiyyet.az-a onun anası Hacıyeva Könül məlumat verib.

O bildirib ki, ehtiyatsızlıq səbəbi ilə üzündən başqa bütün bədəni yanan 2016-cı il təvəllüdlü övladı Ağahüseynova Zeynəb Şahmar qızı yardımsevər insanların köməyi ilə əməliyyat edilib:

“Hadisə iyulun 7-də baş verib. Həmin vaxt qızım və ondan yaşca balaca oğlum evdə tək idilər. Mən qonşuluqda yas mərasiminə baş çəkməyə getmişdim. Həmin vaxt qızım evdəki alışqanla oynamağa başlayıb. Qəfil saçı alovlanıb və qısa müddətdə paltarına keçib. Oğlum yaxınlığımızda yaşayan bacıma xəbər versə də, artıq o gələnə qədər iş-işdən keçib. Ona dəriköçürmə əməliyyatı edilsə də, bəzi nahiyələrində tutmamışdı. Yardımsevər insanların dəstəyi ilə əməliyyata lazım olan məbləğ toplandı və Zeynəb özəl klinikada əməliyyat edildi.

O, əməliyyatdan əvvəl ümumiyyətlə yeriyə bilmirdi. İndi isə artıq axsayaraq da olsa özü yeriməyi bacarır. Lakin qızımın bədəninin, demək olar ki, hər nahiyəsinə dəri köçürüldüyü üçün həkim bizə silikondan hazırlanan xüsusi geyim almağımızı tapşırıb. Bu Zeynəbin daha tez sağalması üçün vacibdir.

Evimizdə televizora qədər hər şeyimizi satmışıq. Əlimizdə satıla biləcək artıq heç nəyimiz qalmayıb. Utanaraq da olsa, bir daha kömək üçün xahiş edirəm. Bizə bu silikondan hazırlanan xüsusi geyimi almağımız üçün 3200 manat pul lazımdır. Yenidən bizə əl uzadın”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə uyğun olaraq Ağahüseynova Zeynəbin sinir sisteminin bərpası üçün köməklik göstərilir.

Ailə ilə əlaqə nömrəsi: 050 874 66 28

0.32243299484253