ABŞ-Azərbaycan gündəliyi: Kərim Vəliyevin səfəri, İran məsələsi, gizli təşəbbüskarlar - TƏHLİL + FOTO

Azərbaycanın yerləşdiyi coğrafiya onu geostrateji əhəmiyyətli pay sahibi edir və dünyanın superqüdrətli dövləti olan ABŞ qlobal genişlənmə siyasətində bu amili özünün “qırmızı xətt”inə salmağa doğru yön alır.

Azərbaycanla ABŞ-nin arasından hərdənbir qara pişiklər keçsə də, ümumilikdə Bakı-Vaşinqton tərəfdaşlığının ruhuna xələl gəlmək təhlükəsi mövcud deyil və tərəflər, nə qədər qəribə səslənsə də, qovluqlardakı mübahisəli tezislərlə münasibətlərini dərinləşdirirlər.

Yəni Azərbaycan və ABŞ idarəetmə məsələləri, məhkəmə-hüquq sisteminə dair mövzularda ziddiyyətli baxışlara sahib olsalar da, tərəfdaşlıq prinsiplərini həmin paradokslardan ayrı tutur və bunu əlahiddə əlaqələr kimi inkişaf etdirirlər.

Rusiya-Ukrayna müharibəsi bəşəriyyətin iqtisadi aurasını yırğaladıqca enerji resurslarına olan tələbatlardan doğan ambisiyalar da genişlənir.

ABŞ-nin xarici siyasətində enerji mənbələrinə əl qoymaq və təhlükəsizlik ovqatını həmin enerji ilə yükləmək mühüm yer tutur, bu mənada faydalı təbii resurslara malik olan Xəzər dənizi də Vaşinqtonun nəzərlərində ayrıca bir dəyər qazanır.

İkincisi, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağı hesab olunur və açılacaq Zəngəzur dəhlizi bəşəri ticarət marşrutlarının şaxələnməsi prizmasından çəki qazanacaq. ABŞ Çin və Rusiya ilə rəqabət kontekstində onları ofsaydda saxlayıb, yeni dəhlizdə böyük üstünlüklə nəzarət sahibi olmağı ağlından keçirir.

Üçüncüsü, ABŞ-nin təhlükəsizliyə aid strateji qavrayışları İranın eyni məzmundakı şüuru ilə tərs mütənasib olduğundan Vaşinqton Tehranı hədəf lövhəsinə qoyur və ona qarşı ox formalaşması üçün əlindən gələni ardına qoymur.

Dördüncüsü, İsrailin Cənubi Qafqaz regionunda zühuru onun müttəfiqi olan ABŞ-nin də üzərinə əlavə məsuliyyət qoyur və Ağ Ev sadaladığımız bəndlər üzrə konfiqurasiyanı Rusiya və İrana qarşı cəbhə kimi cəm halına gətirib hərəkətə keçir.

Hərəkət trayektoriyasında maneələrin olmaması üçün ABŞ Azərbaycanla hərbi sahədə əməkdaşlığı keyfiyyət baxımından mənalandırmaq çağırışı ilə üzləşir və Bakı-Vaşinqton xəttindəki “barıtlı mübadilə” elə Azərbaycan üçün də xeyli əlverişli görünür.

Əlverişli məqamlara çatmaq üçün isə bir sıra dəqiqləşdirmələr aparılmalıdır, ona görə də Azərbaycan müdafiə nazirinin birinci müavini – Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-yə səfər edib və o, supergücün Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə təhlükəsizliklə bağlı müzakirələr aparıb.

Kərim Vəliyevin postu hüquqi baxımdan hərbi məzmunlu olsa da, faktiki olaraq həm də siyasi vəzifə çalarlarına da sahibdir. Cənab Vəliyev ABŞ ilə Rusiyanın rəqabətinin Azərbaycana təhlükəsizlik təhdidi yaratmaması üçün hərbi müvazinəti saxlamaq təlimatını icra edən şəxsdir.

Onun həm Rusiya, həm də ABŞ ilə isti əlaqələri Azərbaycan üçün əhəmiyyətlidir və Kərim Vəliyev indi dövlətdən aldığı bir sıra təlimatları gündəliyinə qoyur.

General-polkovnikin səfəri fonunda iki məqam da gözə çarpır:

1. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi noyabrın 20-də ABŞ-yə beşgünlük səfərə getdi və Mərkəzi Kəşfiyyat İdarəsində, Pentaqonda İranı müzakirələrin episentrinə gətirdi;

2. Bunun ardınca, ABŞ və İsrailin aviasiya qüvvələri Aralıq dənizi üzərində İranın nüvə təsisatlarını şərti hədəf kimi qoyaraq onları “vurmaq” üçün təlim keçdilər.

Kərim Vəliyevin Kohavinin ABŞ səfəri və “İranın bombardman edilməsi” fonunda ABŞ-yə gedişi bir neçə proqnoz üçün ipuclarıdır.

ABŞ Azərbaycanla hərbi əməkdaşlıq formatını yeniləyəcək və yaxın gələcəkdə bunun praktiki təzahürləri görünəcək.

İsrail bu əməkdaşlığın o nöqtəsində dayanacaq ki, əsasən, İrana qarşı hərbi tədbirlər zamanı öz istədiyini bu region üzərindən gerçəkləşdirə bilsin.

Azərbaycan-ABŞ-İsrail gizli formatının gizli təşəbbüskarları sırasında Böyük Britaniya və Türkiyə yer alır.

Vəliyev Bakıya qayıtdıqdan sonra Ankara-Bakı təmaslarında hərbi gündəlik ABŞ səfərinin yekunlarına uyğun olaraq müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

0.30335211753845