Könüllülük Sərhəd Tanımır! - FOTO

“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində həyata keçirilən növbəti aksiya 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunub. Fiziki məhdudiyyəti olan gənclərə diqqəti cəlb etmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək və bu məsələyə toplumun həssaslığını daha da artırmaq məqsədi daşıyan aksiyada əlilliyi olan 60 gənc və 50 könüllü iştirak edib. 

Cəmiyyətimizdə inklüzivliyin təmin olunmasına dəstək verəcək “Könüllülük Sərhəd Tanımır!” sosial aksiyası çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində autizm, daun sindromlu, habelə fiziki məhdudiyyətli gənclər üçün müxtəlif əyləncəli proqram təşkil olunub. Proqram zamanı Azərbaycan könüllüləri və əlilliyi olan gənclər keramika, floristika, rəqs, musiqi, təsviri incəsənət eləcə də oyma sənəti üzrə usta dərslərinə cəlb olunublar. Yekunda könüllülər tərəfindən əlilliyi olan gənclərə simvolik hədiyyələr təqdim edilib.  

Qeyd edək ki, “Könüllülük Sərhəd Tanımır!” sosial könüllülük aksiyası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub.

0.29780220985413