Rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimov barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Bu səbəbdən Yaşar Kərimov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

İttiham aktına əsasən, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin keçmiş müdiri Kərimov Yaşar Məlik oğlu əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi alıb.

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Y.Kərimovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Y.Kərimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin edib.

Xatırlatma: Y.Kərimov prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.

0.30221009254456