Ərini bıçaqla qətlə yetirən qadına hökm oxundu - VİDEO

2022-ci ilin yanvarın 30-da 32 yaşlı Elşən Hadızadə aldığı bıçaq yarasından dünyasını dəyişib. Şübhəli şəxs qismində mərhumun arvadı 31 yaşlı Gülnar Vəlizadə saxlanılıb.

İstintaqla müəyyən edilib ki, yanvarın 29-da Elşən Hadızadə təpiklə uşağın beşiyini vurub sındırıb. Səhəri gün beşiyin təmir etdirilməsi ilə əlaqədar aralarında baş vermiş münaqişə zamanı əri tərəfindən döyülən Gülnar Vəlizadə mətbəx bıçağı ilə Elşən Hadızadənin sinəsinə bir dəfə zərbə endirib. Sonra əməlindən peşman olub, bir neçə dəfə Təcili Tibbi Yardım stansiyasına zəng etsə də, yoldaşı buna etiraz edərək, yardımdan imtina edib. Hadisədən təxminən 4 saat sonra xəstəxanaya çatdırılan zərərçəkən həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

İş üzrə dindirilmiş Gülnar Vəlizadə bildirib ki, Elşən Hadızadə ilə 2014-cü ildə ailə qurub. Aralarında maddi sıxıntılara görə dəfələrlə mübahisələr yaranıb. Yanvarın 29-da axşam Elşən işdən gələndə, o, uşaqlardan birinə dərs keçib. Əri sakit olmalarını tələb edəndə, ona - “nə edim, uşağa dərs keçirəm də”, - deyə cavab verib. Buna görə dalaşıblar. Yoldaşı ona əl qaldırıb, uşağın beşiyini də təpiklə vurub, sındırıb. Ayın 30-da saat 8-də işə gedən Elşən günorta evə gəlib. Dişi ağrıdığı üçün əri çarpayıya uzanıb yatmaq istəsə də, onu uzanmağa qoymayıb. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməsini tələb edib. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında onu döyüb, sağ əli ilə boğazından tutub, boğub. Get-gedə nəfəsi kəsilib. Bir anda güclə də olsa, Elşənin əlindən çıxıb, mətbəx bıçağını götürüb, Elşənin sinəsinə zərbə endirib. Qan axmağa başlayıb, əri yerə oturub. Qaçaraq qonşusundan “perekis” alıb və onunla birlikdə evə qayıdıb. Leyli Elşənin yarasını “perekis”lə silib, yod vuraraq pambıq qoyub. Sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzadıblar. Qonşusuna Elşənin bıçaqla özünə xəsarət yetirdiyini bildirib. Çünki əri ona - “kim soruşsa, deyərsən, özüm-özümü vurmuşam, bilsələr, sən vurmusan, polislər səni tutacaq”, - deyib.

Gülnar Vəlizadə əlavə edib ki, Elşəni öldürmək məqsədi olmayıb. Aralarında dava baş verəndə, bıçaqla bir neçə dəfə onu qorxudub. Amma həmin gün kəsici alət təsadüfən, özü də bilmədən onun sinəsinə batıb. Əməlindən çox peşmandır, bütün həyatı bir anda dəyişib. Elşənlə bir-birilərini istəyib, evləniblər. Aralarındakı mübahisələrə baxmayaraq, onu sevib. 2 körpə övladı hazırda qayınanasının himayəsindədir. Özünü ölənədək bağışlaya bilməyəcək və əzabla yaşayacaq.

Məhkəmə iclasında Gülnar Vəlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum olunub.

0.27904295921326