Naxçıvanda teatr açılıb, amma aktyor ştatı yoxdur - VİDEO

Bir zamanlar Milli Teatrımızın təşəkkülündə özünəməxsus rol oynayan Naxçıvan Teatrının vəziyyəti indi elə də ürək açan deyil.

APA TV-nin məlumatına görə, Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev deyir ki, uzun müddətdir problemlərlə baş-başa qalıblar. Dəfələrlə aidiyyəti qurumlara üz tutsalar da, onları dinləyən olmayıb. Əksinə onların hər işinə qarışılıb, hətta Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu ərəfədə teatrın repertuarını seçmək hüquqları belə olmayıb.

Rza Xudiyevin sözlərinə görə, teatrın ən böyük problemlərindən biri də kadr çatışmazlığıdır.

2006-cı ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Uşaq Teatrı da eyni aqibətlə üz-üzədir. Teatrın direktoru, Əməkdar artist Tofiq Seyidov deyir ki, teatrda ümumiyyətlə aktyor ştatı yoxdur.

Direktorlar bildiriblər ki, uzun illərdir müraciət etmələrinə baxmayaraq, teatrların geyim və digər texniki məsələləri üçün lazımi vəsait ayrılmayıb.

Qeyd olunan məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Teatrın inkişafı və dövlət əhəmiyyətli tədbirlərin təşkili üzrə baş məsləhətçisi Kamran Quliyev bildirdi ki, problemlər Ali Məclisin əvvəlki rəhbərliyi zamanında yaranıb və həmin dövrdə nazirlik tərəfindən bu problemlərin qarşısını almaq mümkün olmayıb.

Nazirlik rəsmisi vurğulayıb ki, bəzi ştatlara əməkdaş cəlb etməkdə hələ də çətinliklər müşahidə olunur. Bu isə birbaşa təhsil imkanları və əməkhaqqılarla bağlıdır.

Kamran Quliyev qeyd edib ki, Naxçıvanda fəaliyyət göstərən teatrların əsas problemlərindən biri də aktyorların səhnə geyimi məsələsidir. Sadalanan problemlərin nə zaman və necə həll ediləcəyini isə nazirlik rəsmisi özü də bilmir.

0.32561087608337