Metsamor AES İğdırı zəhərləyir

İstifadə müddəti başa çatsa da fəaliyyətini dayandırmayan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası Türkiyənin İğdır vilayəti istiqamətində zəhər yaymaqda davam edir.

Bu barədə İhlas Xəbər Agentliyinin materialında bildirilir.

Vurğulanır ki, İğdırın 16 kilometrliyində yerləşən Metsamor AES istismar müddəti başa çatsa da, bağlanmayıb. Onun zəlzələ xəttində yerləşdiyini bilən rayon sakinləri aidiyyəti qurumlardan kömək istəyiblər. İğdırlılar bildirirlər ki, AES-dən çıxan tüstü belə, onlara, bölgənin coğrafiyasına, burada yaşayan hər bir canlıya zərər verir.

Metsamorun “sancağı çəkilmiş bomba” olduğunu bildirən İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal bəyan edib ki, İğdır yaxınlığında yerləşən AES ən qısa zamanda bağlanmalıdır.

“Çünki o, köhnəlmiş sistemlə hazırlanıb. Köhnə sistem olduğundan onun soyudulması Araz çayı vasitəsilə aparılır. Bundan əlavə, onun uranı Rusiyadan təyyarə ilə gətirilir. Lakin Metsamorun ən böyük təhlükəsi 2-ci dərəcəli zəlzələ xəttində yerləşməsidir. Stansiya vaxtilə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmişdi. Onun aqreqatlarından biri tələsik bağlanaraq üzərinə beton tökülüb. O zaman radiasiyadan İğdır da təsirlənmişdi. Bunun zərərini indi də görürük. Qadınlar hamilə qala bilmir, heyvanlar şikəst balalar dünyaya gətirir, ağaclar quruyur. Bu gün Metsamor Atom Elektrik Stansiyasının ətrafında gəzsəniz görəcəksiniz ki, təbiət dəyişib, yaşıllıqlar yoxa çıxıb. Odur ki, bu AES Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Ermənistanın özü üçün böyük təhlükədir. Biz bütün Avropa İttifaqını, ABŞ-ni və bütün fəalları bu elektrik stansiyasını bağlamaq üçün bizə dəstək olmağa çağırırıq”, - deyə Ünsal bildirib.

Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyası 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlansa da, 1995-ci ildə təmir işlərindən sonra onu 2 nömrəli reaktoru yenidən işə salınıb. Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb, lakin 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

0.035635948181152