Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”a hücumda şübhəli bilinən iki nəfər Bryansk vilayətində ələ keçirilib.
Bu barədə “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda - Tyoplıy kəndi yaxınlığında saxlanılıb.
İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: Onlardan dördü qaça bilib. Qaçan şəxslərin kimliyi məlum olub.
Bunların:
Məhmədrəsul Nəsridinov - 37 yaş;
Rivojidin İsmonov - 51 yaş;
Şoxinjon Safolzoda - 21 yaş;
Rüstəm Nəzərov - 29 yaş olduğu bildirilir. Onların hamısının Tacikistan vətəndaşları olduğu deyilir.
Hazırda onların terror aktında iştirakları yoxlanılır.
Qaçan dörd nəfərin axtarışına başlanılıb.
01:44
Moskva vilayətində (Rusiya) “Crocus City Hall” konsert zalında terror aktını təşkil etməkdə şübhəli bilinən şəxslərin qaça bildiyi ehtimal edilən avtomobilin fotosu yayılıb.
Qeyd olunur ki, terror aktında əli olmaqda şübhəli bilinərək Rusiyanın Tver vilayətinə aid dövlət nömrə nişanı olan ağ rəngli “Renault” markalı avtomobil axtarılır. Qeydiyyat nişanının rəqəmləri çox güman ki, saxtadır.
Avtomobil Moskvada, Moskva vilayətində, eləcə də qonşu rayonlarda axtarılır.
Xatırladaq ki, bu gün “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.
Mənbə: “Baza” “Telegram” kanalı