Həbs edilmiş bankir 13 ay sonra azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilmiş "Muğanbank"ın vəzifəli şəxsinin məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, bankın "Paytaxt" və "Universal" filiallarının müdiri, eləcə də bir sıra digər yüksək vəzifələr tutmuş İdris Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 179.3.2, 308 və 313-cü (külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, İ.Məmmədov 2007-2023-cü illərdə bankda yüksək vəzifələrdə çalışıb. Ötən ilin iyun ayında o, işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlum olub ki, İdris Məmmədov sənədlərin saxtalaşdırılması və digər yollarla banka məxsus yüzminlərlə pul vəsaitini mənimsəyərək ələ keçirib.

O, 4 iyul 2023-cü il tarixdə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə İ.Məmmədovun törətdiyi əməllərlə bağlı cinayət məsuliyyətinə cəlbetmə vaxtı keçdiyinə görə ona mənimsəmə faktları üzrə cəza təyin edilməyib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası bir il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. 13 ay həbsdə saxlanılan bankir məhkəmə zalından azadlığa buraxılıb.

0.16474103927612