Bakını necə yaşıllaşdıraq?

Son illər Bakı şəhərində yaşıllıq sahəsinin artırılması istiqamətində işlər görülsə də, bu, hələ norma çərçivəsində deyil. Ekspertlərin fikrincə, mövcud problemin həlli üçün həm konkret tədbirlər planı, həm də böyük maliyyə vəsaiti olmalıdır.

Bu sahədə problemlərin olduğunu rəsmilər də inkar etmirlər. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib ki, Bakıda orta hesabla bir adama beş kvadratmetr yaşıllıq düşür: "Burada norma 20-25 kvadratmetrdir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılmasına bütün dövlət orqanları qoşulur. Bu, çox müsbət haldır".

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

14 min hektar yaşıl sahə

Məlumat üçün bildirək ki, hazırda Bakıda mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektara yaxındır. Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edərsə, bu, aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə, yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum doqquz kvadratmetrdən az olmamalıdır. Bu məqsədlə BMT-nin 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb.
Bəs, görəsən, paytaxtın yaşıllıq problemini həll etmək üçün hansısa tədbirlər planı mövcuddurmu? Bunun üçün hansı addımların atılmasına ehtiyac var?

Nazirlər Kabinetinin normativi

Nazirlər Kabinetinin təsdiq etdiyi "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"na görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir. Bir adama düşən yaşıllıq sahəsi isə iri şəhərlərdə on, böyük şəhərlərdə doqquz, orta şəhərlərdə yeddi, qəsəbədə səkkiz, kənddə isə on iki kvadratmetrdir.

Sənayenin 70 faizi Abşeron yarımadasındadır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq, dosent Elman Yusifov deyib ki, son dövrlər Bakı və Abşeron yarımadasında böyük yaşıllaşdırma işləri həyata keçirilir. Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə bu gün Bakı aqlomerasiyası və Abşeron yarımadası qat-qat daha yaşıldır: "Çox güman ki, bununla bağlı müvafiq plan mövcuddur. Çünki biz, demək olar ki, hər ay ilin fəsillərindən asılı olaraq könüllülərlə bərabər müxtəlif ərazilərdə yaşıllıqlar salındığını müşahidə edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə xüsusi diqqət yetirir. Amma burada problem başqadır. Məsələ ondadır ki, ölkə sənayesinin 70 faizdən çox hissəsi Abşeron yarımadasında yerləşir. Bu, olduqca pis haldır. Şəhərdəki avtomobillərin mühərrikinin qızması, buraxdığı tüstü nəticəsində Bakı və Abşeron yarımadasının ekologiyası korlanır. Digər tərəfdən, bu, temperaturu artırır. Əgər Bakıda külək olmasa, vəziyyət daha gərgin olar".

Paytaxtın yükünün azaldılmasına ehtiyac var

Ekspert problemdən çıxış yolunu Bakının yükünün azaldılmasında görür. O hesab edir ki, paytaxtın müəyyən strukturları ya işğaldan azad edilmiş ərazilərə, ya da ölkənin mərkəzi hissəsinə köçürülməlidir: "Bu problemin çıxış yolu paytaxtın iki yerə bölünməsidir. Çox arzu edirəm ki, nə vaxtsa paytaxtın müəyyən strukturları işğaldan azad edilmiş ərazilərə köçürülsün. Biz orada araşdırmalar aparırıq. Dövlət bu ərazilərə böyük investisiyalar qoyur. Yəqin ki, nə vaxtsa paytaxtın bir hissəsi məhz həmin ərazilərə köçürüləcək. Eyni zamanda, müəyyən strukturları ölkənin mərkəzi hissəsinə də köçürmək mümkündür".

Abşeron nəfəs almalıdır

Ekspert vurğulayıb ki, sənayenin böyük hissəsinin ölkənin şərqində təmərküzləşməsi həm geostrateji baxımdan, həm də ərazidə yaşayan insanların sağlamlığı baxımından təhlükəlidir: "Digər tərəfdən, nəzərə alaq ki, Abşeron yarımadasında 200 ildən çoxdur, neft çıxarılıb. Torpaqlar neft tullantıları ilə çirklənib. Bu, ərazinin radioaktiv fonunu yüksəldir. Bakı və Abşeron yarımadasına nəfəs almağa imkan verməliyik. Bu ərazilər bir az dincəlməlidir. Biz sənayenin bir hissəsini buradan qoparsaq, o zaman sənayenin arxasınca insanlar da gedəcək. O zaman şəhərdə əhalinin sıxlığı da azalacaq. Nəticədə adambaşına düşən yaşıllıq sahəsi də artacaq".

Bakıya yaxın ərazilərdə meşələr salınmalıdır

Şəhərsalma memarı, şəhər dizayneri, professor Cahid Həsənov bildirib ki, vaxtilə Bakının yaşıllaşdırılması ilə bağlı layihələr mərhum akademik Həsən Əliyevin tövsiyələri əsasında həyata keçirilib: "Bu istiqamətdə işlər 1970-80-ci illərdə ən yüksək səviyyəyə çatmışdı. Bakı yaşıllığı ilə göz oxşayırdı. Sonradan bu sahədə problemlər yaranmağa başladı. Müxtəlif MTK-lar tərəfindən xeyli sayda yaşıllıq sahəsi məhv edildi. Amma son beş ildir ki, biz Bakıda yaşıllıqların bərpası və artırılması istiqamətində ciddi dönüş hiss edirik. Lakin şəhərin normalara uyğun yaşıllaşdırılmasına mane olan faktorlar da var. Məsələn, Bakının küləkli və qumsal şəhər olması onun tam yaşıllıqlar qoynunda olan bir şəhərə çevrilməsinə imkan vermir".

Memar həmçinin qeyd edib ki, daha çox Bakıya yaxın ərazilərdə şəhərkənarı meşələrin, seyrəngahların salınmasına diqqət artırılmalıdır: "Bunu paytaxt daxilində yaratmaq memarlar üçün çətin məsələdir. Çünki Bakıda boş ərazi qalmayıb. Eyni zamanda, buna landşaft xüsusiyyəti və iqlim şəraiti də imkan vermir. Bakının 2040-cı ilədək inkişafına dair Baş planında adambaşına səkkiz kvadratmetr yaşıllığın təmin edilməsi planlaşdırılıb. Bu çərçivədə şəhərin yarımsəhra landşaft xüsusiyyəti və iqlim şəraiti, həmçinin güclü küləklər və suvarma üçün su ehtiyatlarının çatışmazlığı nəzərə alınaraq Bakıda əsas etibarı ilə kiçik və ya orta ölçülü yaşıllıqlar yaradılacaq. Hesab edirəm ki, Bakıya yaxın ərazilərdə şəhərkənarı meşələrin, seyrəngahların salınmasına da diqqət artırılmalıdır".

0.066997051239014