İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında özəl sektorun inkişafı ilə bağlı paylaşım edib. Paylaşımda Azərbaycanın biznes təmsilçiləri ilə birgə fəaliyyəti gücləndirərək özəl sektorda aktivliyi artırmaq niyyətində olduğunu bildirib.
Maraqlıdır, indiki şəraitdə özəl sektorun aktivliyini artırmaq üçün hansı addımlar atıla bilər?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Sahibkarla dövlət sektoru arasında körpü
İqtisadçı ekspert Vüqar Oruc "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, özəl sektor nə qədər çox inkişaf etsə, dövlətin yükü bir o qədər azalar: "Dövlətin qarşısında duran əsas məsələ işsizliyin aradan qaldırılması, istehsalın gücləndirilməsi, ölkədə valyuta stabilliyinin yaradılması və iqtisadi inkişafın təmin olunmasıdır. Bütün bunlar təbii ki, özəl sektor vasitəsilə həyata keçirilir. Bu baxımdan nazirin bu fikirləri önəmlidir və bu günə qədər də Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar atıb".
Yaradılan şərait özəl sektora stimul verəcək?
Özəl sektorun aktivliyi üçün atıla biləcək növbəti addımlarla bağlı danışan mütəxəssis vurğulayır ki, "Peşə birlikləri haqqında" qanun qəbul edilməli, vergi limitinə yenidən baxılmalı, Rəqabət Məcəlləsinin tətbiqinə başlanılmalıdır: "Müxtəlif peşə istiqamətlərində sahibkarlıq nümunələrini özündə birləşdirən assosiasiyaların fəaliyyəti təkmilləşdirilməli və idarə etmək üçün "Peşə birlikləri haqqında" qanun qəbul edilməlidir. İkinci mühüm addım vergi limiti ilə bağlıdır. Mövcud qanunvericiliyə görə, Azərbaycanda illik dövriyyəsi 200 min manat həddini keçən kiçik və orta sahibkarlıq subyektləri ƏDV ödəyicisinə çevrilirlər. Biz ƏDV-yə cəlb edilən dövriyyənin artırılmasını təklif etmişik. Çünki son limit 2015-ci ildə formalaşıb və ondan sonra inflyasiya olub, xidmətlərin xərcləri artıb. Hazırda 200 min manat limiti aylar üzrə böldükdə hər aya təqribən 16 min manat düşür. Bu da indiki şəraitdə və tələblərdə sahibkara uyğun deyil. Limit artırılmalıdır ki, şirkətlər, xüsusilə də kiçik və orta biznes subyektləri daha münbit şəraitdə öz fəaliyyətlərini qurmaq imkanı əldə etsinlər. Üçüncüsü, uzunmüddətli müzakirələrdən sonra qəbul olunan Rəqabət Məcəlləsi tətbiq olunmalıdır. Bunlar reallaşsa, sahibkarların hüquqları tam müdafiə olunacaq".
"Qara büdcə"dən "ağ büdcə"yə keçid
İqtisadçı hesab edir ki, dövlət satınalmalarında iştirak edən xidmət sahələri üçün də münbit şərait yaradılmalıdır: "Növbəti addım vergi güzəştləri ola bilər. Vaxtilə Prezident tərəfindən yeddi il müddətinə vergi güzəştləri edilmişdi. Bu, yenidən tətbiq edilə bilər. Güzəştlər həm işğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən biznes subyektləri, həm də inkişafa meyilli obyektlər üçün keçərli olmalıdır. Vergi güzəştləri və vergilərin yenidən formalaşdırılması Azərbaycanda biznesin getdikcə şəffaflaşmasına, "ağ büdcə"yə keçiddə böyük stimul olar".
Biznesə müdaxilələr aradan qaldırılmalıdır
İqtisad elmləri doktoru Fikrət Yusifov da vurğulayır ki, son illər hökumət biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edib. Lakin bunlar iqtisadiyyatı neftdən asılı olan bir ölkə üçün yetərli sayılmamalıdır: "Dünyanın enerji balansının sürətlə dəyişdiyi, neft hasilatının azaldığı, dünya bazarlarında qazın qiymətinin aşağı düşdüyü dönəmdə özəl sektorun indikindən də artıq inkişafına nail olmaq vacibdir. İqtisadiyyatın sürətli inkişafı isə ona edilən yatırımların səviyyəsindən asılıdır".
İqtisadçı bildirir ki, özəl sektorun inkişafına nail olmaq üçün tədbirlər görməliyik: "Son 20 ildə Azərbaycanda özəl sektordan ixracın həcmi 260 milyon ABŞ dollarından 3.3 milyard dollara qədər artıb. Lakin bu rəqəm bizi arxayınlaşdırmamalıdır. İxracımız nə qədər artsa da, unutmamalıyıq ki, bu göstərici ötən ildə ümumi ixracımızın 12.4 faizini aşa bilməyib və ya idxalımızın 19.4 faizinə bərabər olub. Bir anlıq neft-qaz ixracımızı nəzərə almasaq, bu rəqəmin nə qədər kiçik olduğunu görərik və bu, bizi ciddi düşündürməlidir. Biz iqtisadiyyatımızın neftdən, qazdan asılılığını o vaxt aradan qaldırmış olarıq ki, ilkin mərhələdə özəl sektordan ixracımız heç olmasa ümumi idxalımızın 60 faizinə bərabər olsun. Yəni qeyri-neft sektorundan ixracdan əldə edilən valyuta ilə idxalımızın ən azından yarısını təmin edə bilək. Bunun üçün özəl sektordan indiki 3.3 milyard dollar ixracımızı yaxın üç il ərzində ən az üç dəfəyə qədər artırmalıyıq. Bu hədəfə çatmağın yeganə yolu ölkədə investisiya mühitini indikindən qat-qat yaxşılaşmasını təmin etməkdir. Yerli və xarici biznesə müdaxilələr birmənalı olaraq ortadan qaldırılmalıdır".
İnvestisiya mühitinə ciddi əngəl
Mütəxəssis vurğulayır ki, investisiya mühitinə ciddi əngəl törədən daha bir problem ayrı-ayrı sahələrdə mövcud olan monopoliyadır: "Monopoliya hər bir investor üçün potensial təhlükədir. Bu ilin iyulun 1-dən etibarən qüvvəyə minmiş Rəqabət Məcəlləsində qoyulan tələblər kağız üzərində qalmamalı, real olaraq işləməlidir. Bu və ya digər formada monopoliyanın diktaturasını qurmaq istəyənlərə qarşı kimliyindən asılı olmayaraq amansız mübarizə aparılmalıdır".
Mütəxəssis sonda onu da vurğuladı ki, sadalanan problemlərin həlli istiqamətində daha kəskin addımlar atmaq zamanıdır. Çünki bunlar olmasa, yerli investisiya xaricə qaçmağa meylli olacaq, xarici investisiya isə inamsızlıq səbəbindən ölkəyə gəlməkdə tərəddüd edəcək.