"Rusiya torpağını ələ keçirməkdə maraqlı deyilik" - Ukrayna Kursk əməliyyatının məqsədini açıqladı

"Ukrayna Rusiyanın Kursk vilayətindəki ərazini ələ keçirməkdə maraqlı deyil. Kiyev öz insanlarının həyatını qorumaq istəyir".

hakimiyyet.az-ın "Ukrainskaya Pravda"ya istinadla məlumatına görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy 13 avqust tarixli brifinqdə deyib.

"Rusiyadan fərqli olaraq, Ukraynaya özgə torpağı lazım deyil. Ukrayna Kursk vilayətindəki ərazini ələ keçirməkdə maraqlı deyil, biz öz insanlarımızın həyatını qorumaq istəyirik. Ukrayna Silahlı Qüvvələrinin hədəfləri yalnız hərbi obyektlərdir. Əməliyyatın məqsədi insanlarımızın həyatını qorumaq və Ukrayna ərazisini Rusiyanın zərbələrindən müdafiə etməkdir. Rusiya ədalətli sülhün bərpasına (xüsusilə sülh formulu əsasında) nə qədər tez razılaşsa, Ukrayna müdafiə qüvvələrinin Rusiya ərazisinə reydləri bir o qədər tez dayanacaq", - deyə o bildirib.

Tixiy qeyd edib ki, Rusiyanın Kursk vilayətindən təkcə yayın əvvəlindən Ukraynanın Sumı vilayətinə iki mindən çox zərbə endirilib, 255 idarəolunan aviabomba və 100-dən çox raket atılıb. Ancaq Ukraynada bundan müdafiə olunmaq - mövcud silahlarla uzaqmənzilli zərbələr endirmək üçün kifayət qədər imkan yoxdur.

"Buna görə də Ukraynaya zərbələr endirən Rusiya hərbi kontingentlərindən bu sərhədyanı rayonları azad etmək zərurəti var", - deyə sözçü vurğulayıb.

XİN nümayəndəsinin sözlərinə görə, Ukrayna Kursk vilayətində müvafiq məqsədlərə nail olur, ölkənin təhlükəsizliyi və müdafiəsi üçün zəruri olduğundan bunu davam etdirəcək.

Bundan əlavə, Tixiy vurğulayıb ki, Kursk vilayətindəki əməliyyat Rusiyaya Donetsk vilayətinə əlavə bölmələr göndərməyə imkan vermir, onların logistikasını çətinləşdirir.

6.7281789779663