Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 5 ünvandakı binada yaşayan sakinlərin həyatı təhlükədədir.
Sakinlərin "Qaynarinfo"ya verdiyi məlumata görə, 4 bloklu binanın liftləri 50-60 il əvvəl quraşdırılıb və hazırda ciddi şəkildə qəzalı durumdadır.
Onların sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyinə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
"Oradan bizə bildirdilər ki, bina Müdafiə Nazirliyinin balansındadır. Liftlərdən bəziləri gah işləyir, gah dayanır. Yuxarı mərtəbədə yaşayan xəstə və yaşlı insanlar, əliuşaqlı analar aldanıb liftlərdən istifadə edirlər. Bu isə hər an insan ölümünə səbəb ola bilər", - deyə şikayətçilər bildiriblər.
Sakinlər əlavə ediblər ki, lift qurğuları FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin qeydiyyatında olan təhlükə potensiallı avadanlıqdır və müntəzəm olaraq ixtisaslaşmış təşkilat tərəfindən texniki baxışdan keçirilməlidir. Kənar şəxslərin və qurumların müdaxiləsi yolverilməzdir:
"Binanın liftləri çox köhnəlib. Hətta yararsız hala düşüblər. Tez-tez bina sakinləri və qonaqlar liftdə qalıb stres yaşayırlar. Bir neçə dəfə liftdə qəza baş verib. Təəssüf ki, uzun müddətdir burada kimlərinsə yoxlama və nəzarət işləri apardığını görən olmayıb."