Meksikada qədim piramidanın uçması yerli qəbilələrin qorxusuna səbəb olub. Aborigenlər bunun "pis əlamət" olduğunu bildiriblər.
1100 illik kərpic piramida Meksikanın Miçoakan əyalətindəki İxuatsio arxeoloji zonasında, Patskuaro gölünün şərq sahilində yerləşir. Eramızın 900-cü ilindən İspan fatehləri 1530-cu ildə buraya gələnə qədər ərazi Purepeça İmperiyasının hakimiyyəti altında olub.
Qeyd olunur ki, güclü tufandan sonra piramidanın divarlarından biri uçub. Abidə Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) alimləri tərəfindən araşdırılıb. Onlar çökməni hava şəraiti ilə əlaqələndiriblər. Həddindən artıq isti və quraqlıq qədim tikilidə çatların əmələ gəlməsinə səbəb olub. Sonra göl hövzəsində leysan yağışları yağıb, binada rütubət yaranıb.
Hələdə də bu torpaqlarda yaşayan Purepeça qəbiləsinin nümayəndələri bu hadisənin "tanrıların qəzəbinə" dəlalət etdiyini və yaxınlaşan fəlakətdən xəbər verdiyini bildiriblər. Onların fikrincə, konkistadorlar gəlməmişdən əvvəl də oxşar hadisə baş verib.
Arxeoloqlar piramidaların qorunması və bərpası üçün addımlar atacaqlarını bildiriblər. INAH-dan bildiriblər ki, təkcə zədələnmiş hissədə deyil, bütün binada təmir işləri aparılacaq.
Qeyd edək ki, bir neçə gün sonra Yuta ştatında Yura dövrünə aid qoşa tağ çöküb. 190 milyon illik geoloji struktur turistlər arasında çox məşhur idi. Onun dağılmasının səbəbi hələlik məlum deyil - güman ki, süxurlar eroziyaya məruz qalıb.