Son vaxtlar insanların etibarından sui-istifadə edərək aldıqları borcu qaytarmayanlarla bağlı kifayət qədər şikayətlərlə rastlaşmalı oluruq.
hakimiyyet.az sosial şəbəkələrdə aparılan müzakirələrə əsasən bildirir ki, bəzi vətəndaşlar heç bir halda aldıqları borcu ödəməkdə maraqlı olmurlar. Bir çox borc alanları isə sonradan tapmaq müşkül işə çevrilir.
Belə olan halda borc sahiblərini bir sual maraqlandırır - əgər borclu şəxs icra idarəsinə gəlməkdən boyun qaçırırsa, onu axtarışa vermək mümkündürmü? Borcu olan şəxsə qarşı cinayət işi açıla bilərmi?
Hüquqşünas Emil Aslanov hakimiyyet.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
Hüquqşünas qeyd edib ki, əgər borclu borcunu ödəmirsə, ilkin olaraq icra məmuru işi məhkəməyə inzibati qaydada tənbeh edilməsi üçün çıxarır.
"Tənbeh növü olaraq isə həm cərimə, həm də həbs cəzası mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə, şəxs 500 manatdan 1000 manata qədər məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Əgər borclu şəxs inzibati həbs, cərimə və ya tənbeh növündən sonra yenidən borcu ödəməkdən boyun qaçırırsa, onu cinayət məsuliyyətinə cəlb etmək mümkündür.
Belə olan halda iş icra məmuru tərəfindən Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilir və borclu şəxsi Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə üç il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Əgər borclu şəxs Ədliyyə Nazirliyi İstintaq İdarəsinə getməkdən boyun qaçırarsa, bu zaman Daxili İşlər Nazirliyinə müraciət edilir və o tapılaraq yenidən icra məmurunun yanına göndərilir. Nəticədə icra məmuru onu inzibati həbsə çıxarır", - deyə hüquqşünas bildirib.
Əzizə İsmayılova