Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 32 il ötüb. Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Azərbaycan manatının ilk eskizlərinin müəllifi xalçaçı-rəssam Eldar Mikayılzadədir.
Üzərində Nizami Gəncəvi və Məhəmməd Əmin Rəsulzadənin rəsmləri təsvir olunmuş 500 və 1000 manatlıq əsginasların ilk dizaynı məhz ona məxsusdur.
Musavat.com-un xəbərinə görə, bu barədə maraqlı məqamları danışan E.Mikayılzadə deyib ki, onun eskizləri müsabiqədə qalib gəlib. Bu işdə ona qrafik işləri ilə məşğul olan dostu Mövsüm Orucov yardımçı olub.
Onlar ilk nümunələri hazırlatmaq üçün 1992-ci ildə Parisə gediblər. Fransada çap prosesinin texnologiyası ilə tanış olublar.
"Prosesləri sadəcə ilk valyutamızın çapı kimi qəbul etmək olmazdı. Çünki Parisdə çap olunan ilk nümunələr Azərbaycanın müstəqilliyinin göstəricisi idi. SSRİ ölkələri arasında öz valyutamızı çap edən birincilərdən olduq", - deyə xalçaçı-rəssam o illəri xatırlayıb.
Onun sözlərinə görə, ilk pullarımız nümunə üçün nömrəsiz çap olunubmuş. Dostlar birlikdə 1 manatdan 250 manata kimi pul əsginası hazırladıblar:
"Orada bizimlə çalışan fransız yaxınlaşıb dedi ki, Parisdə ermənilər çoxdur, onlar problem yaradarlar. Ona görə də məsləhət gördü ki, pulları çamadanda aparaq. Ona görə də pulları idman çantasında apardıq".
İlk eskizlər 7 nominantda işlənibmiş. Azərbaycanın bölgələrinin böyük şəxsiyyətlərinin portretlərindən, mədəni abidələrindən, florasından, faunasından nümunələr varmış:
"Çapdan bir ay əvvəl eskizləri Parisdə yenidən işlədik. Məcbur olub şəxsiyyətlərin sayını azaltdıq. Mindən beş yüzə dəyişmələr oldu. Əvvəl Məhəmməd Əmin Rəsulzadənin şəkli 500 manatın, Nizami Gəncəvinin şəkli isə 1000 manatın üzərində idi. Onu təzədən dəyişdirməli olduq. Həmçinin kağızın keyfiyyətindən, "sirli" xətlər vardı ki, onlardan da kəsməli olduq. Eyni zamanda, naxışından, rəngindən azaltdıq. Çünki onların hər biri böyük miqdarda pul tələb edirdi. İşlənən eskizlə çıxan pul arasında yerlə-göy qədər fərq var idi".