Dünya metroları Azərbaycanda bir araya gələcək

"Metro İstanbul"un baş direktoru Özgür Soyun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib. Görüşlər çərçivəsində Soy və onu müşayiət edən nümayəndə heyəti Bakı metrosunun sədri Zaur Hüseynovla görüşüb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Görüşdən sonra Soy və Hüseynov 2025-ci ilin aprel ayında Bakıda keçirilməsi planlaşdırılan "Metro Connect Summit" tədbirinin həyata keçirilməsi üçün "Metro İstanbul" ilə Bakı metrosunun əməkdaşlığını nəzərdə tutan müqaviləni imzalayıblar.

Mərasimdə çıxış edən Soy Azərbaycanla səmərəli əlaqələrinin olduğunu bildirib.

Soy bu günə qədər Bakı metrosu ilə siqnalizasiya və texniki xidmət texnologiyaları başda olmaqla bir çox mövzuda təcrübə mübadiləsi apardıqlarını qeyd edərək deyib:

"İndi bütün dünya metrolarının bir araya gələcəyi zirvə toplantısına hazırlaşırıq. İki qardaş şəhər olaraq gələn il dünya metrolarına yeni bir platforma təqdim edəcəyik. Bakı metrosunun zəngin təcrübəsi ilə "Metro İstanbul"un qabaqcıl nəqliyyat həlləri və təcrübəsi bir araya gələcək. Bu zirvə ilə sektorun potensialının daha geniş miqyasda yayılmasını təmin edəcəyik. Zirvə metro sistemləri sahəsində fəaliyyət göstərən şirkətlər və istehsalçılarla metro operatorları arasında körpü rolunu oynayacaq".

Bakı metrosunun sədri Hüseynov son illərdə Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirib.

Bakı metrosu ilə "Metro İstanbul" qarşılıqlı münasibətlərini illərdir gücləndirərək davam etdirir. "Metro Connect Summit" bu əməkdaşlığın nəticəsidir. Bu tədbir vasitəsilə Türk respublikalarını, Yaxın Şərq və Avropada yerləşən metro operatorlarını və dəmir yolu sistemləri sektorunda fəaliyyət göstərən şirkətləri bir araya gətirərək ümumi problemlərin müzakirəsini və təcrübə mübadiləsini təmin edəcəyik. "Metro İstanbul" ilə keçirəcəyimiz zirvə ilə regionda sektorun potensialını və ehtiyaclarını ortaya qoyacağıq", - Hüseynov deyib.

0.061614036560059