Paşinyan İrəvan merini yola salmağa çalışır - "Kaspi"nin TƏHLİLİ

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan meri Tiqran Avinyanın ətrafındakı halqanı sıxmağa başlayıb. Müxalif "Vətən uğrunda Tavuş" hərəkatının aksiyaları ilə bağlı fikir bildirməyən İrəvan meri özünü hədəfə gətirib.

Ermənistanda dərinləşən siyasi böhran və "Vətən uğrunda Tavuş" hərəkatının aksiyaları ilə bağlı fikir bildirməyən İrəvan meri Tiqran Avinyanın susqunluğu hakimiyyəti ciddi şəkildə narahat edib. Hakim partiya merin dostları və qohumlarına qarşı cinayət işi açmaqla onun ətrafındakı dairəni daraltmağa çalışır.

Komanda daxilində komanda

Bir müddət əvvəl İrəvan bələdiyyəsi tərəfindən keçirilən inzibati iclasda Avinyan Ərəbkir rayonunun rəhbəri Aram Azatyan və Kanaker-Zeytun rayonunun rəhbəri Artak Hovakimyanı tərifləyib. Bir gün sonra isə təhlükəsizlik qüvvələri Azatyanı həbs edib. Sonradan məhkəmə 30 milyon dram girov qarşılığında onu ev dustaqlığına buraxıb. Bu isə sübut edir ki, İrəvan bələdiyyəsində çalışan hakim partiyanın üzvləri komanda daxilində komanda yaradırlar. Elə bu səbəbdən də Ərəbkir rayon rəhbərinin iki müavini - Geqam Karapetyan və Davit Balasanyan - bir ay müddətinə həbs edilib. Onların həbsi də partiyanın konkret hərəkətə keçməsindən xəbər verir. Vətəndaş Müqaviləsində heç kəsin sərbəst fikri olmamalı və hamı Nikol Paşinyana pərəstiş etməlidir.

Avinyanın müəmmalı torpaq satışı

Hadisələrin analizi göstərir ki, Paşinyanın səbir kasasının daşma səbəblərindən biri də Avinyanın keçmiş respublikaçı, millət vəkili Samvel Aleksanyanın kürəkəninə 70 milyon dram qarşılığında torpaq satması olub. Davit Davtyan "Arm Construct" şirkətinin rəhbəri Aleksanyanın qızı ilə evlidir və merin qərarı ilə şəhərin bahalı rayonlarından sayılan Komitas prospektində böyük torpaq sahəsinə sahib olub. Əslində, bu məsələdə də mer müəyyən fırıldağa əl atıb. Sənədlərdən məlum olub ki, torpaq ərazi dəyərləndirməsi zamanı üçüncü zonanın bazar dəyəri qiymətinə satılıb. Əslində isə Komitas prospektində torpağın qiyməti bundan qat-qat bahadır. Bir ay əvvəl Ərəbkirdə 16 mərtəbəli bina tikməyə çalışan Davtyanın icazəsi hakim partiya tərəfindən ləğv edildiyi halda, Avinyanın ona torpaq satması merin Paşinyanın qərarlarına hörmətsizlik etməsi kimi qəbul edilib.

Toxunulmazlığın ləğvi

Hakim partiya kuluarlarında gəzən söhbətə görə, Avinyan bir il mer postunda oturduqdan sonra Paşinyan Ağsaqqallar Şurası vasitəsilə ona etimadsızlıq prosesi təşkil edəcək. Belə ki, şuranın müxalifət fraksiyaları sentyabrda İrəvan merinə etimadsızlıqla bağlı müzakirələrə başlamağa hazırlaşırlar.

Paşinyan boşaldılacaq mer postuna Armen Pambuxçyanı namizəd kimi görür. Çünki Tiqrandan fərqli olaraq, Armen idarəolunandır və hakimiyyətin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirir.

Ermənistan qanunlarına əsasən, bələdiyyə sədri seçilən şəxs bir il müddətinə toxunulmaz olur. Avinyan üçün toxunulmazlıq da 10 oktyabr tarixində başa çatır.

Saxta sorğular

Yuxarıda da qeyd edildiyi kimi, Avinyanın toxunulmazlıq müddəti başa çatan kimi Vətəndaş Müqaviləsi konkret hərəkətə keçəcək. Bunun üçün isə alt bazanı hazırlamaq tapşırığına uyğun olaraq, keçirilən sorğularda İrəvan merinin çox zəif səs toplaması, kütlə tərəfindən tənqid edilməsi, istefaya səslənməsi görüntüsü yaradılır. Məlum olub ki, paytaxt sakinləri beşballıq şkala ilə ölçülən sorğuda merin fəaliyyətini 2.6 balla dəyərləndiriblər. Respondentlərin 32.6 faizi hesab edir ki, Avinyan dərhal istefa verməlidir. 17.3 faizi isə hesab edir ki, mer istefa versə, daha yaxşı olar.

Avinyan tənqid hədəfində

İrəvan merini gözdən salmaq üçün Paşinyan təkcə öz partiyadaşlarından istifadə etmir. Belə ki, keçmiş deputat Sona Aqekyan da Avinyanı tənqid edənlər sırasına qoşulub. O qeyd edib ki, İrəvan xaos içindədir. Çünki mer öz səlahiyyətlərindən düzgün istifadə edə bilmir. Aqekyan qeyd edib ki, hazırda İrəvanda qeyri-məhdud tikinti icazələri qeydə alınır, bitki örtüklü ərazilər yoxa çıxır. Bu tip çıxışlar tək Sona Aqekyanla məhdudlaşmır. Bir sıra deputatlar, ictimai xadimlər də İrəvan merini, onun atdığı addımları tənqid edirlər.

Baqratla əlaqə

Nikol Paşinyanı qəzəbləndirən əsas səbəblərdən biri T.Avinyanın Baqrat Qalstanyanla əlaqəsidir. Siyasi kulislərdə gəzən söhbətlərə görə, Avinyan erməni keşişlə gizli şəkildə bir neçə dəfə qısamüddətli görüş keçirib, onu dəstəklədiyini, hakimiyyətdən bezdiyini dilə gətirib. Eyni zamanda, "Vətən naminə Tavuş" hərəkatının keçirdiyi aksiyalar zamanı da Tiqranın ağzına su alıb susması, heç bir fikir bildirməməsi baş nazirin diqqətindən yayınmayıb. Payız aylarında Baqratın yenidən aktivləşəcəyini, müxtəlif aksiyalar keçirəcəyini bəyan etməsi hakim partiyanın indidən hərəkətə keçməsinə səbəb olub.

Göründüyü kimi, Paşinyan yolunda əngəl ola biləcək hər kəsi əzərək keçməyi adətə çevirib. Vaxtilə təriflədiyi, adam saydığı, meydanlardakı etiraz aksiyalarında çiyin-çiyinə dayandığı Tiqranı da yolundan kənara atmaq artıq onun hədəfidir. Avinyanın Baqratla görüşdüyü barədə yayılan xəbərlər kölgəsindən də qorxan Nikol üçün həlledici səbəb olub.

0.044624090194702