Türkiyənin ən böyük şəhəri olan İstanbulda yüzlərlə yaşayış binasının gözlənilmədən uçulma təhlükəsi ilə üz-üzə olduğu barədə şok bir açıqlama gəlib. Məlum olub ki, meqapolisdə təxminən 400-ə yaxın bina hər an çökə bilər.
hakimiyyet.az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu dəhşətli faktı Gölcük zəlzələsinin 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə türkiyəli mütəxəssis, professor İhsan Karagöz dilə gətirib.
Professor bildirib ki, 1999-cu ildə baş vermiş dağıdıcı Gölcük zəlzələsindən 25 il keçməsinə baxmayaraq, İstanbulda hələ də ciddi problemlər qalmaqdadır.
"Hazırda İstanbulda özbaşına uçulmaq təhlükəsi olan 400-ə yaxın bina var və təəssüf ki, o binalarda hələ də insanlar yaşayırlar", - deyə o xəbərdarlıq edib.
İhsan Karagöz bu məsələdə tikintiyə nəzarət qurumlarını, İstanbul Böyükşəhər bələdiyyəsini və yerli bələdiyyələri sərt şəkildə tənqid edib.
O, statistik məlumatlara əsaslanaraq qeyd edib ki, İstanbulda mövcud binaların sayı təxminən 1,5 milyona çatır və onlardan 800 mini məhz 17 avqust 1999-cu il zəlzələsindən əvvəl keyfiyyətsiz beton, düzgün olmayan dəmir işlədilərək və heç bir nəzarət olmadan inşa edilib. Hətta bəzi tikililərdə dəniz qumundan istifadə edildiyi də məlum olub.
Professor İhsan Karagöz riskləri minimuma endirmək və binaları möhkəmləndirmək üçün aidiyyəti qurumlara mütləq şəkildə yaxşı bir mühəndisə müraciət etməyi tövsiyə edib. Əks halda İstanbulda böyük bir fəlakətin qaçılmaz olduğunu vurğulayıb.
Qeyd edək ki, Gölcükdə 1999-cu ilin 17 avqustunda baş verən 7,4 bal gücündə zəlzələdə 18,3 min nəfər ölüb, 48,9 min nəfər yaralanıb. Gölcük zəlzələsi təxminən 45 saniyə davam edib və Türkiyənin zəlzələ tarixində "ən uzun zəlzələ" kimi tanınır.