Yəmənin Hodeyda limanı yaxınlığında Qırmızı dənizdə atəşə tutulan Yunanıstana məxsus tankerin göyərtəsində yanğın baş verib.
hakimiyyet.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
"Gəmidə yanğın baş verib. Ekipaj gəmiyə nəzarəti itirib", - UKMTO-nun sosial şəbəkədəki paylaşımında bildirilir.
Britaniya departamentinin məlumatına görə, tanker dörd dəfə atəşə tutulub.
Yunanıstanın Dəniz Ticarət Nazirliyi aydınlaşdırıb ki, sözügedən gəmi 25 ekipaj üzvü ilə İraqdan Kiprə Yunan bayrağı altında üzən "Sounion" gəmisi olub.
UKMTO bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir. İdarə gəmiyə kimin atəş açdığı barədə məlumat vermir. Bununla belə, Qərb mediası qeyd edir ki, bu cür hücumlar adətən Yəmən husi üsyançıları tərəfindən həyata keçirilir.
Yəmən sahillərində Yunanıstana məxsus tanker atəşə tutulub