Səməd Şıxı: “Mən dünən Bəhruz Səmədovun işi ilə əlaqədar DTX-nə dəvət olunmuşdum. Şahid qismində ifadə verdim. Bəhruz Səmədovu tanıdığımı, onunla ünsiyyətimin olduğunu bildirdim. Bəzi məsələlər soruşuldu, mən də cavabımda Bəhruz Səmədovun məni xaricdə müəyyən ermənilərlə görüşdürdüyünü və bütün maliyyə xərclərinin qarşıladığını söylədim. Suallar əsasən müəyyən ermənilərlə bağlı idi. Açığı hər hansı təzyiqlə üzləşmədim, bildirildi ki, nəticəsindən asılı olaraq qərar qəbul ediləcək.
Mənimlə bağlı narahatlıq keçirən dostlarıma təşəkkürümü bildirirəm.“
Nəzərinizə çatdıraq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə “Qafqazinfo” ya onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində Bəhruz Səmədovun tapşırıq alıb məlumat ötürməkdə şübhəli bilindiyi Ermənistan Respublikası vətəndaşlarının adlarının sadalandığı məlum olub.