Xarici dil müəllimlərinin sertifikatlaşdırma nəticələri niyə aşağıdır?

Xarici dil müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək və ən aşağı olan rayon və şəhərlərin adlarının acıqlanması bu sahədə mövcud problem və nöqsanlara diqqət çəkməyə əsas yaradıb. Sertifikatlaşdırmada ən yüksək nəticə göstərən bölgələr siyahısında Sumqayıt, Zəngilan, Mingəçevir, Bakı, Abşeron, Qazax, Qəbələ, Xaçmaz və s. kimi şəhər və rayonların adları yer alıb. Zəif nəticə göstərən bölgələr sırasında isə Yevlax, Lənkəran, Goranboy, Cəlilabad, Astara, Tərtər və s. adlarına rast gəlmək olur.

"Kaspi" qəzeti problemin səbəbini elə bölgələrdə yaşayan fənn müəllimlərindən öyrənməyə çalışıb.

Ənənəvi metoddan uzaqlaşmamağın problemi

Astara şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Babək Rzayevin fikrincə, hər bir müəllimin nəticəsi onun özündən asılıdır: "Bizim zonada nəticələrin aşağı olmasının səbəbi daha çox kollec müəllimlərinin təhsili ilə əlaqədardır. Sertifikasiyadan kəsilənlərin əksəriyyəti orta ixtisas müəllimləridir. Onlar kollecdə dörd il müddətində zəif oxuyublar. Üstəlik öz üzərlərində işləməyiblər. Gündəlik dərsi sinifdə şagirdə plansız keçməkləri onların imtahandan lazımi balı toplaya bilməməsinə səbəb olub". B.Rzayev qeyd edir ki, müəllimlərin əksəriyyəti əsasən mətnlərə görə kəsilib: "Bu faktı cənab nazir də qeyd etdi. Biz daha çox şagirdlərə qrammatika öyrədirdik. Arıq buraxılış imtahanının forması da dəyişib: indi oxuma, yazma, dinləmə mətnləri var. Müəllimlərin əksəriyyətinin səhvi də mətn üzrə işlə bağlı olub. İngilis dilində bu kimi leksikoloji problemlərimiz var".

B.Rzayevin sözlərinə görə, xarici dil müəllimləri üçün həm nazirlik, həm də ölkəmizdəki xarici səfirliklərin dəstəyi ilə müəyyən proqramlar və treninqlər təşkil olunur. Gənc Xarici Dil Müəllimləri Birliyi də (GXDMB) tədris ili ərzində müəllimlər üçün bir neçə onlayn və oflayn təlimlər təşkil edir: "Hesab edirəm ki, bu cür təlimləri daha da genişləndirmək lazımdır. Müəllimlər ənənəvi metodlardan kənara çıxmırlar. Amma ənənəvi metodlarla müasir təlim metodları paralel işləməlidir. Həmçinin müəllim öz üzərində işləməli, müasir texnologiyalarla çalışmağı bacarmalı, dünyada baş verən yeniliklərdən xəbərdar olmalıdır. Müasir tədris metodları da buna hesablanıb. Xüsusən, xarici dil müəllimləri bir yerdə dayanmamalı, proqramlara qoşulmalıdırlar. Əgər müəllim yalnız bir dərs planı hazırlayıb gündəlik dərsə daxil olursa, müasir metodla və şagirdlə ayaqlaşa bilməz. Müəllim başqa ölkələrin təcrübələrini də mənimsəməlidir".

Nəticələrin zəifliyi tələblərin aşağı olması ilə bağlıdır

Xaçmaz rayonu, Çarxı kənd orta məktəbin alman dili müəllimi Tavat İsgəndərova tədris etdiyi dilin bir çox regionlarda ikinci xarici dil kimi keçildiyini bildirir: "Bu da müəllimlərin öz üzərlərində işləməməsinə gətirib çıxarır. Müəllim daim öyrənməlidir ki, şagirdlərinə də yeniliklər haqqında məlumat versin". T.İsgəndərovanın fikrincə, regionlarda nəticələrin zəif olması tələblərin aşağı olması ilə bağlıdır: "10 ildir alman dilini ikinci xarici dil kimi tədris edirəm. Bunun da təsiri böyükdür. Tələb yoxdursa, müəllimlər də öz üzərlərində az çalışırlar. Xüsusən, ikinci xarici dil kimi şagirdlər bu dil üzrə imtahan vermədikləri üçün valideynləri də maraq göstərmir. Onlarda elə bir düşüncə var ki, ingilis dili həmişə öndədir. Ona görə uşaqlarını o istiqamətə yönəldirlər. Amma uşaqlarla işlədikcə onlarda maraq yaranır".

Kənd məktəblərində təminat zəif olduğu üçün

T.İsgəndərova hesab edir ki, alman dili üzrə sertifikasiyada şəhər məktəblərində nəticələr daha yaxşı ola bilər: "Müəllimlərin zəif nəticə qazanmasına dərs otaqlarında dilin tədrisi ilə bağlı lazımi avadanlıqların olmaması da təsir edir. Çünki kurikulum üçün maddi-texniki bazanın olması əsas şərtdir. Kənd məktəblərində bu təminat zəif olduğu üçün, məsələn, linqafonların olmaması, kompüterlərlə tam təmin olunmama da rol oynayır. Həmçinin, alman dili həftədə bir dəfə tədris olunur. İkinci dil olduğu üçün uşaqları olimpiadalara da göndərə bilmirik. Buna baxmayaraq, gənc müəllimlər öz üzərlərində daim işləyir, əllərindəki resurslarla uşaqlara dili sevdirməyə çalışırlar. Yaşlı nəsil üçün çətinlik texnologiyaları öyrənmək bacarıqları ilə bağlı ola bilər. Şagird yeniliklər istəyir. Müəllimlər də bu tələbatları gördükcə özlərini inkişaf etdirməyə çalışmalı, daim təlimlərə qatılmalı, yenilikləri öyrənməlidirlər".

Bəzi müəllimlər təlimlərdə iştirak etmədilər

"Müəllim əgər imtahana gedirsə, öz üzərində çalışmalı idi", - deyə bəzi rayonların sertifikasiyada zəif nəticə göstərməsinə münasibətini bildirən Qazax rayonu Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin fransız dili müəllimi Gülnur Əliyeva hesab edir ki, "mən bir şeyi bilirəm" düşünüb dayanmaq lazım deyil: "Bir şeyi nə qədər mükəmməl bilsək də, öz üzərimizdə çalışıb onu daha da təkmilləşdirməliyik. Biliyindən və təcrübəsindən asılı olmayaraq, hər bir müəllim daim öz üzərində çalışmalıdır. Müəllim öyrədərək özü də öyrənir. Bəzi müəllimlərdə isə arxayınlıq yarandı. Onlar elə bildilər imtahan asan olacaq və öz üzərlərində çalışmadılar". G.Əliyeva deyir ki, üzvü olduğu GXDMB mütəmadi olaraq xarici dil müəllimləri üçün təlimlər keçirir: "Çox müəllim təlimlərə qoşuldu, sual-cavablarda iştirak etdi, bilmədikləri ilə maraqlandı. Bəzi müəllimlər isə təlimlərdə iştirak etmədilər. Sonra onların sertifikasiyada aşağı nəticə göstərdiklərini eşitdim. Təlimlərə qatılan, öz üzərlərində çalışan müəllimlər ən azı keçid balını topladılar. İstəyən müəllim təlimlərə qoşulub özünü inkişaf etdirə, yenilikləri öyrənə bilər". G.Əliyeva hesab edir ki, müasir dövrün müəllimi yeni metodları mütləq öyrənməlidir. Belə ki, kurikulumda yetərincə üsullar var: "Ənənəvi üsullardan uzaqlaşıb həmin metodlardan istifadə etmək lazımdır. Bu metodlar kifayət qədər maraqlıdır: həm əylənirik, həm öyrənirik. Həm şagird, həm də müəllim öyrənir, Bəzən dərsin nə vaxt keçdiyini bilmirik. Əlbəttə, ənənəvi üsullarla dərs keçən müəllimlər də var. Müasir müəllim dövrün çağırışlarına uyğun dərsini qurmağı bacarmalıdır".

0.063116073608398