Azərbaycanda avqustun 26-da gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hakimiyyet.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-37 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.