Avtomobil sənətinin şah əsəri: Qızıl işləməli nadir "Koenigsegg Regera" satışa çıxarılıb

Böyük Britaniyada dünyanın ən nadir avtomobillərindən olan "Koenigsegg Regera" satışa çıxarılıb.

hakimiyyet.az-ın carsweek.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə satışla məşğul olan "SuperVettura" diler mərkəzindən bildirilib.

Sözügedən hibrid hiperkar cəmi 85 ədəd məhdud seriya ilə istehsal edilib. 2020-ci ilin ortalarında ilk sahibinə satılan bu "Regera" isə digərlərindən həm də gözoxşayan mavi karbon eksteryeri və qızıl elementləri ilə seçilir.

"Regera" ümumi 1500 at qüvvəsi hasil edən üç elektrik motoru ilə birlikdə 5.0 litrlik ikiturbinli V8 mühərriki ilə təchiz olunub.

"Koenigsegg" avtomobili ön splitter, kanallar, bamper örtükləri və yan panellər də daxil olmaqla, eksteryerin müxtəlif hissələrinə tətbiq edilmiş həqiqi qızılla bəzədilib. Qızıl bəzək kapotun üzərindəki zolaqlar və arxa şüşənin yanındakı elementlərlə davam edir. Mavi karbon və qızıl elementləri qızıl bəzəkli, qara anodlaşdırılmış qapaqları və mavi əyləc dəstəkləyiciləri olan təkərlər tamamlayır ki, bu da avtomobilə daha da effektli görünüş verir.

Avtomobilin daxilində də lüks davam edir: oturacaqlar, cihaz paneli, qapı panelləri və sükan çarxının tutacaqları kontrast qızıl tikişlə vurğulanan mavi alkantara ilə örtülüb. Salonun daxilində, həmçinin avtomobilin idman və eyni zamanda lüks xarakterini vurğulayan karbon lif və qara alüminium elementləri var.

"Regera" ilk sahibi tərəfindən artıq istifadədə olub: odometr 9 350 mil (15 000 km) məsafə qət edildiyini göstərir. Bununla belə, hazırda avtomobil 3.6 milyon funt sterlinqə və ya təxminən 4.7 milyon dollara təklif olunur.

4.3963270187378