Hər bir xəstədən pul alan sabiq baş həkimin müavini hakim qarşısında

Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" Publik Hüquqi Şəxsinin sabiq baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

hakimiyyet.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ziya Mansurov təqsirləndirilənlərə ittiham aktını elan edib.

İbtidai istintaq zamanı məlum olub ki, baş həkim və müavini hər xəstədən ayda 5 manat məcburi pul yığıblar.

Elşən Mustafayev özünü qismən təqsirli bilib, Zamin Əliyev isə özünü tamamilə təqsirsiz bildiyini söyləyib.

Zərərçəkmiş qismində Səhiyyə Nazirliyi tanınıb.

Məhkəmə prosesi oktyabrın 8-nə kimi təxirə salınıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvətalma) maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli

0.050234079360962