Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri və Ukrayna hakimiyyəti 15.6 milyard dollar həcmində yardım proqramından 1.1 milyard dollar məbləğində tranşın ayrılması barədə razılığa gəliblər.
hakimiyyet.az-ın məlumatına görə, müvafiq bəyanat BVF-nin saytında dərc edilib.
Bəyanata əsasən, təşkilatın vəsait ayırmaq qərarına Ukrayna hakimiyyətinin ölkə iqtisadiyyatını proqramın iyun ayı üçün müəyyən etdiyi bütün kəmiyyət səmərəlilik meyarlarına uyğunlaşdırması səbəb olub.
Həmçinin BVF-nin müsbət qərarının səbəbi Kiyevlə hərbi münaqişə şəraitində Ukraynanın makroiqtisadi sabitliyini dəstəkləməyə yönəlmiş siyasət və islahatların düzəlişləri barədə razılığın əldə edilməsi olub.
Avqustun 28-də "Bloomberg" agentliyi xəbər vermişdi ki, BVF nümayəndələri sentyabrın 4-də Ukraynaya ölkənin büdcə proqnozunu təhlil və Kiyevə 1.1 milyard məbləğində yardımın ayrılması barədə qərar qəbul etmək üçün gedəcəklər.
2023-cü ilin martında BVF Ukrayna üçün 15.6 milyard dollar həcmində dördillik proqramı təsdiqləyib. Maliyyə vəsaitini əldə etmək üçün Kiyev müəyyən öhdəlikləri yerinə yetirməlidir. BVF-dən vəsaitlər bu şərtlərin yerinə yetirilməsinin yoxlanılmasından sonra ayrı-ayrı tranşlarla daxil olur.
Xatırladaq ki, Ukrayna bundan əvvəlki 2.2 milyard dollar məbləğində olan tranşı isə iyul ayının əvvəlində alıb.