Paytaxtın Suraxanı rayonu Yeni Günəşli "Q" yaşayış sahəsi, 20 saylı binanın sakinləri ərazidəki şəraitsizlikdən şikayətçidirlər.
"Qafqazinfo"ya müraciət edən bir qrup vətəndaş bildirib ki, bina 1991-ci ildə yaşayış üçün təhvil verilib.
33 il ərzində isə demək olar ki, təmir olunmayıb:
"İllərdir burada yaşayırıq. Bina baxımsız, şəraitsiz və pis vəziyyətdədir. Hər tərəfi uçub-tökülür. Düz 36 dəfə müraciət etmişik. Lakin nə gəlib maraqlanan var, nə də təmir edən. Həyətində oturmaq üçün heç bir şərait qurulmayıb. Bircə oturacaq belə yoxdur. Uşaqlarımız həyətə çıxıb harada oynasınlar? Şərait yoxdur. Binaətrafı yollar da pis gündədir. Yolu qazandan sonra asfalt vurmurlar. Yollar çala-çuxurlarla doludur".
Bundan başqa, sakinlər bildirirlər ki, binanın liftləri də işləmir:
"Hər dəfə problem yarananda sakinlər olaraq pul toplayıb həll etməyə çalışmışıq. Amma indi köklü şəkildə həll olunmalıdır. Bunun üçün isə 25 min manat pul lazımdır. Bizim isə büdcəmiz buna yetmir. Bu problemlər təkcə bizim binada deyil, eyni zamanda qonşu binalarda da var. Elə bina var ki, illərdir orada lift işləmir. Axı burada uşaqlar, yaşlılar var?! İnsanlar mənzillərinə çıxıb-düşəndə əziyyət çəkirlər".
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Yeni Günəşli "Q" yaşayış sahəsi, 20 saylı bina Mənzil Tikinti Kooperativinin balansında olduğundan, binanın saxlanılması, abadlaşdırılması və təmiri MTK-nin səlahiyyətlərinə aiddir.
Şikayətlərlə bağlı "Kainat-1" MTK ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, lift artıq təmir olunub və işləyir:
"Lift yanmışdı, iki gün işləmədi. Lakin artıq düzəlib və istifadə edilir. Bura köhnə kooperativ binadır. Həyətində abadlıq işləri aparılmalı, uşaqlar üçün əyləncə və oturmaq üçün yer təşkil edilməlidir. Lakin burada yaşayan sakinlər kasıbdırlar, köməklik edə bilmirlər. Zibil pulunu belə verə bilməyən vətəndaşlar var. Binanın üstü də rənglənməlidir. Bütün bunlara görə təkcə biz yox, Yeni Günəşlidə olan bütün MTK-lar liftlərin dəyişdirilməsi üçün ötən il həm Nazirlər Kabinetinə, həm də rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin hələ də müsbət cavab gəlməyib. Deyirlər ki, kooperativin vəsaiti hesabına olmalıdır. Bizdə isə vəsait yoxdur. Bir liftin qiyməti 35 min manatdır. İndi düzəlib, amma dəyişməlidir. Binaətrafı yollarda isə heç bir qazıntı işi aparılmayıb. Yollar yaxşıdır".