Amerikalı milyarder və biznesmen İlon Mask öz şəxsi mühafizəsinə ildə milyonlarla dollar xərcləmək məcburiyyətində qalıb.
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "The New York Times" "Tesla" şirkətinin daxili sənədlərinə istinad edərək xəbər yayıb.
Bildirilir ki, Mask mütəmadi ölüm təhdidləri və təqiblər səbəbindən öz mühafizəsini ciddi şəkildə genişləndirməyə qərar verib.
"İlon Mask təhlükəsizliyi üçün ildə milyonlarla dollar xərcləyir. O, biznesmendən daha çox dövlət başçısı kimi qorunur", - deyə mənbədən qeyd olunub.
Ekspertlər Maskın mühafizəsinin adi bir sahibkarın mühafizəsindən çox gizli xidmət kimi işlədiyini vurğulayıblar. Təxminən 20 silahlı mühafizəçi daim sahibkarı müşayiət edir, onun gəlişindən əvvəl otaqları yoxlayır.
"İlon "X" şirkətində tualetə gedəndə belə nadir hallarda mühafizəsiz olur", - deyə milyarderin ətrafındakı mənbələr bildirib.
Qeyd olunur ki, artan təhdidlər səbəbindən Maskın həyat tərzi daha təcridolunmuş şəkildədir, sahibkarın özü isə daha qorxaq olub.
O da vurğulanır ki, "Tesla" zavodunun Ostində açılmasından bəri yerli şerif ofisi terror təhdidi ilə bağlı səkkiz hadisəyə reaksiya verib. Məlumata görə, onlardan azı ikisi birbaşa İlon Maska qarşı yönəlib.