Suriya yenidən gündəlikdə - "Hizbullah" və HƏMAS-dan sonra növbə Bəşər Əsədə çatır

Suriyada müxalif "Heyət Təhrir əş-Şam" (HTŞ) yenidən fəallaşıb. İki gündür, Hələb və İdlib istiqamətində ağır döyüşlərin getdiyinə dair xəbərlər yayılır. Bu, 2020-ci ilin martında Türkiyə ilə Rusiya arasında əldə edilən razılaşmadan sonra Bəşər Əsəd hakimiyyətinə qarşı ilk böyük hücum sayılır.

Hər iki tərəfdən çoxlu sayda itkinin olduğu bildirilib. Məlumata görə, HTŞ gücləri Hələb şəhərinin mərkəzinə doğru irəliləyirlər. Hələb və İdlib bölgələrində rejimə qarşı qüvvələr 400 kv.km-lik əraziyə nəzarət edirlər. Bundan əvvəl isə ora Əsədə aid silahlıların nəzarətində olub.

İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds qoşunları komandanının müşaviri, briqada generalı Kiyamərs Purhaşimi də həmin döyüşlərdə ölüb.

Bu sübut edir ki, Tehran hakimiyyəti Suriyanın ərazi bütövlüyünü müdafiə adı altında Bəşər Əsəd rejimi tərəfdən müxalif qüvvələrə qarşı vuruşur.

SEPAH-ın informasiya mənbələrinin yaydığı məlumata görə, İran Türkiyəyə Suriyanın daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edib. Tehran iddia edir ki, Rusiya və İslam Respublikası "Suriya hakimiyyətinin icazəsi əsasında" (yəni Bəşər Əsəd rejiminin) bu ölkədədirlər.

Əsədə məxsus təhlükəsizlik mənbələri isə bildiriblər ki, HTŞ-nin mövqelərinə zərbə endirmək üçün İran və Rusiya Suriyaya hərbi texnika, "Fateh-110" və "Skad" raketləri, təlimatlandırılmış suriyalı texniklər göndərəcəklər.

HTŞ nədir? Bu, Suriya Qurtuluş Hökumətinə bağlı, Əsəd hakimiyyətinə qarşı bir siyasi-silahlı qruplaşmadır. "Təhrir əş-Şam", yaxud "Şam (Dəməşq) Qurtuluş Heyəti 2017-ci il yanvarın 28-də "Cəbhe-Fetih əş-Şam" (keçmiş adı ən-Nusra Cəbhəsi), "Ensaruddin Cəbhəsi", "Ceyşu's-Sünne", "Liva əl-Hak" və Nurəddin Zəngi Hərəkatı qruplarının birləşməsi nəticəsində qurulub.

Birləşməni hazırda "Cəbhə Fətih əş-Şam" və keçmiş "Əhrar əş-Şam" liderləri idarə edirlər. Yüksək komandanlıq isə başqa qruplar tərəfindən formalaşıb. 2020-ci ildə onun sıralarında 15 minədək döyüşçü olduğuna dair məlumat var. 2017-ci ildən HTŞ-nin komandanı və rəsmi lideri Əbu Məhəmməd əl-Cevlanidir.

ABŞ, Kanada, Türkiyə onu terror qruplaşması kimi tanıyırlar.

Döyüşlər Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi Afrin bölgəsinə yaxın ərazidə gedir. Ölkənin Milli Müdafiə Nazirliyi bildirib ki, Suriyanın şimalındakı qarşıdurmanı yaxından izləyirlər. Məlumatlara görə, döyüşlərdə Milli Azadlıq Cəbhəsi və "Ceyş-ül-İzza" da iştirak edirlər.

Bütün bunlar niyə indi başlayıb? Bildirilib ki, iranyönümlü "Hizbullah", Əsədə bağlı silahlılar, Rusiya hərbçiləri son həftələr İdlibin cənubunda mülki sakinlərə hücum edirmişlər.

Türkiyə müxtəlif beynəlxalq toplantılarda Suriyadakı rejim ordusunun və başqalarının hücumlarının qarşısının alınmamasından şikayət edib. Ancaq qarşı tərəf İran, Bəşər Əsəd, "Hizbullah", Rusiya bu istiqamətdə addım atmayıb.

Türkiyədən bildirilib ki, İsrailin Livanda "Hizbullah"a qarşı əməliyyatları regionda gərginliyi artırmasın deyə müxalif qrupların təşkil etmək istədiyi əməliyyatların qarşısını noyabrın 27-dək alıb.

İran, Rusiya və Bəşər Əsədə aid mənbələr döyüşün başlamasında Türkiyəni ittiham edirlər.

Qazaxıstanın Astana şəhərində Türkiyə, Rusiya və İran İdlib və Hələblə bağlı razılaşma əldə etmişdilər. Həmin anlaşmaya əsasən, bu bölgələrdə heç bir əməliyyat aparılmayacaq. Türk və rusiyalı hərbçilərdən ibarət patrul xidməti fəaliyyət göstərəcək.

Ancaq İsraillə Livan arasında qarşıdurma Suriyadakı vəziyyətə təsirsiz ötüşmür. İran hakimiyyəti Bəşər Əsədin adından sui-istifadə edərək bu ölkə ərazisindən İsrailə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Elə SEPAH-ın bir neçə generalı və yüksəkrütbəli hərbçisinin Ərəb Respublikasında silahlı qarşıdurmada, yaxud İsrailin hava hücumu nəticəsində ölməsi faktları da bunu təsdiqləyir.

Tehran Əsədin onu dəvət etməsini əsas göstərməklə bu ölkədə törətdiyi əməllərə qanuni don geyindirməyə çalışır. Halbuki, əhalisinin az qala yarısı didərgin vəziyyətdə yaşayan ölkədə keçirilən, Bəşər Əsədin prezident postunda qalmasını təmin edən "seçki" beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Onun tanınması Suriyada qalmaq üçün Tehran və Moskvanın işinə yarayır.

Bu baxımdan, Tehranın Ankaranı ittiham etməsi əsassızdır. İraq və Suriyada cəmləşən PKK kimi terrorçu qruplaşmalar Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edir. Mərkəzi hakimiyyətin olmaması, yaxud alayarımçıq rejim ölkə ərazisinə tam nəzarət edə bilmir. Deməli, ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini terrorçulardan qorumaq Türkiyənin hüququdur.

İran Suriyada həm də ABŞ-nin hərbi mövqelərinə zərbə endirir. Məlumatlara görə, noyabrın 26-da ölkənin şimal-şərqindəki Həsəkə vilayətinin Əş-Şəddadi yaşayış məntəqəsi yaxınlığında yerləşən ABŞ hərbi bazası atəşə tutulub.

Hələb və İdlib istiqamətindən müxalif qüvvələrin fəallaşması perspektivdə PKK terror qruplaşmasının həmin bölgələrdə irəliləməsinə də mane ola bilər.

Livanla atəşkəsdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu Suriyadakı rejimi "odla oynamamağa" çağırmışdı. İsrailin PKK-nın Suriyadakı qollarına müsbət münasibəti məlumdur. Ona görə də ehtimal etmək olar ki, perspektivdə bəhs etdiyimiz istiqamətdə onların nəzərdə tutduqları planı noyabrın 27-də Əsədə müxalif HTŞ pozub.

"Hizbullah" İsrailə qarşı müharibə aparanda Bəşər Əsəd müəyyən mənada kölgədə qalmışdı. Hətta bəzən elə görünürdü ki, o, Tehranla eyni mövqedə deyil. Ancaq Livanla əldə edilən atəşkəs yenidən Suriya, o cümlədən Əsəd məsələsini aktuallaşdırır. Çünki bu ölkədən yəhudi dövlətinin təhlükəsizliyi təhdid edilir.

Bəşər yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün noyabrın 27-də Moskvaya səfər edib. Bu, onun cari ildə Rusiyanı üçüncü ziyarətidir.

Ona görə də belə düşünmək olar ki, "Hizbullah" və HƏMAS-dan sonra növbə Bəşər Əsədindir. HTŞ-nin hücumu da buna siqnal sayılır.

"Report" İnformasiya Agentliyi

0.048567056655884