Büdcəni talayan “Azərişıq” və “Azəristiliktəchizat”ın özəlləşməsi 2018-ə qaldı – Detallar


Artıq bir müddətdir ki, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC kimi qurumların özəlləşdirilməsi təklif olunur

Palitika.Az-ın xəbərinə görə, 2018-ci ildə hər iki qurum dövlətdən azad oluna bilər. Hökumətin iqtisadi siyasəti və gedişat bu ASC-lərin özəlləşdirilməsini diktə edir.

Onlar həm büdcəyə yükdür, həm borcları artır, həm xaricdən götürdükləri kreditləri dövlət ödəmək məcburiyyətindədir.

2015-ci ildən başlanmış postneft siyasəti “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsini sürətləndirməyi zəruri edib.

Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı da “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsi təklif edilib.

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək.

O qeyd edib ki, əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır:
 “Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur. Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”.

Palitika.Az-ın xəbərinə görə, ölkədə iqtisadi inkişafa nail olmaq, rəqabət mühiti yaratmaq, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək üçün bu kimi qurumların özəlləşdirilməsi labüddür.

Özəlləşdirilməsi vacib olan bir sıra dövlət qurumlarının hələ də prosesdən kənarda qalmasının yeganə səbəbi yüksək rütbəli məmurların mövcud vəziyyətin saxlanılmasında maraqlı olmalarından qaynaqlanır.

Azərbaycan hökumətində təmsil olunan məmurlar “Azərişıq”, “Azəristilik təchizat” kimi qurumların bu günə qədər özəlləşdirilməməsinin səbəbini əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bu xidmətlərdə guya sosial layihələrin həyata keçirilməsilə əlaqələndirirlər. Guya işıq və qaz təchizatında əhaliyə güzəştlər edirlər.

Hökumət sözügedən xidmətlərin özəlləşdirilməli olduğunu etiraf edir, amma əhalinin sosial vəziyyətini bəhanə edərək, onlara güzəştli xidmət göstərmək adı ilə hələ də özəlləşdirmədən yan qaçır.

Əslində, hökumət bu xidmətləri özəlləşdirdikdən sonra da əhalinin sosial vəziyyətini nəzərə alaraq, onlara müxtəlif vasitələrlə dövlət büdcəsindən kompensasiya yolu ilə güzəştlər edə bilər.

Lakin bunu etmirlər. Çünki məmurlar sözügedən sahələri özəlləşdirməməklə, həmin sektorlara büdcədən ayrılan vəsaitin müəyyən hissəsini mənimsəyirlər.

Məhz bu amil adıçəkilən və digər özəlləşməsi vacib olan sahələrin bu günə qədər özəlləşmədən kənarda qalmasına gətirib çıxarıb.

Ona görə də bu günə qədər “Azərişıq”, “Azərsu” və digər qurumlar keyfiyyətli xidmət göstərə bilmirlər. Əhalinin bu kimi dövlət qurumlarından narazılığı həddən artıq çoxdur.

Digər tərəfdən, həmin qurumların özəlləşdirilməsilə onların alternativləri də meydana çıxa bilər ki, bunun özü də hazırkı mövcud vəziyyətdən “qazanan” məmurların maraqlarına cavab vermir.

Beləliklə, həmin qurumların özəlləşmək əvəzinə, hələ də dövlət xidməti olaraq qalmasının yeganə səbəbi büdcədən onlara ayrılan vəsaitlərin məmurlar tərəfindən oğurlanması ilə bağlıdır. Burada başqa səbəblər axtarmağın heç bir əsası yoxdur.

Facebook şərh