Dünyanın taleyini həll edəcək istefa: Dolların aqibəti necə olacaq?


ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen 2018-ci ildə tutduğu postu tərk edəcək. Dünyanın ən güclü bankiri hesab olunan xanım Yelleni yeni ildən başqa şəxs əvəz edə bilər

Namizədi seçmək və bəyənmək prezident Donald Trampın səlahiyyətinə daxildir. Hazırda ABŞ Mərkəzi Bankının rəhbəri postuna ən real namizəd kimi prezident Trampın iqtisadi məsələlər üzrə müşaviri Herri Konun adı çəkilir. Ancaq D.Tramp sərt monetar siyasətin dəyişdirilməsində maraqlı olmasa, o zaman C.Yellen növbəti dörd il müddətinə öz vəzifəsində saxlanıla bilər.

2018-ci ilin fevral ayında FED-in yeni rəhbəri seçiləcək. Bu seçkinin nəticələrinin dünya iqtisadiyyatına təsirinin az olmayacağı gözlənilir. Analitiklər 2014-cü ildən FED-ə başçılıq edən C.Yelleni dünyada Almaniya kansleri Angela Merkeldən sonra ən cəsarətli qadın adlandırırlar.

Qeyd edək ki, xanım Yellen ABŞ-ın sərt pul-kredit siyasətinin tərəfdarı kimi tanınır. Bu məsələdə onun mövqeyi prezident D.Trampdan fərqlənir. C.Yellenin dövründə FED-in uçot dərəcəsini 5 dəfədən çox artırması dolların digər valyutalara nisbətdə kəskin möhkəmlənməsinə səbəb olub. Bu da öz növbəsində bir çox ölkələrdə idxal məhsullarının qiymətinin artmasına gətirib çıxarıb. ABŞ Mərkəzi Bankının uçot dərəcəsini artırması Azərbaycana da təsirsiz ötüşməyib. İqtisadçıların fikrincə, 2015-ci ildə Azərbaycanda iki dəfə baş verən devalvasiya prosesinə FED-in qərarı birbaşa olmasa da, dolayısı ilə təsir edib. 2017-ci ildə FED dolların uçot dərəcəsini iki dəfə artırıb. Cari ilin sonuna qədər üçüncü analoji qərarın çıxarılması nəzərdə tutulub. Lakin prezident Tramp dolların bahalaşması ilə bağlı məsələyə xanım Yellendən fərqli olaraq, iqtisadi siyasət nöqteyi-nəzərindən deyil, daha çox iş adamı kimi yanaşma nümayiş etdirir. İdxalın azaldılması və yerli istehsalın gücləndirilməsinin tərəfdarı olan prezident Tramp dolların möhkəmləndirilməsinə siyasi maneə kimi baxır. FED-in qərarının ABŞ-ın yerli istehsal məhsullarının qiymətinin artmasına səbəb olduğunu bildirən prezident Tramp bunun ixraca mənfi təsir göstərdiyi qənaətindədir. Ona görə də C.Yellenin səlahiyyət müddətinin başa çatması Ağ Evlə FED arasındakı fikir ayrılığına son qoya bilər. Pul-kredit siyasəti ilə bağlı Cannet Yellenlə prezident Tramp arasında xeyli mübahisəli məqamlar var. Ona görə də Tramp Administrasiyası FED-in tərkibində ciddi dəyişikliklər gözləyir. Buna baxmayaraq, dövlət başçısı xanım Yelleninin namizədliyini yenidən təklif etsə, o növbəti dörd il öz postunda qala bilər. Qeyd edək ki, D.Tramp hələ prezident seçkiləri kampaniyası zamanı C.Yellenin fəaliyyətini kəskin tənqid etmişdi. Prezident seçildikdən sonra cənab Tramp xanım Yelleni “yaxşı işinə görə” təqdir etsə də aradakı münaqişə bitməyib.

FED sədrinin fəaliyyəti yalnız amerikalılara və kredit götürmüş müəssisələrə deyil, bütün dünyadakı qiymətli kağızlar bazarına təsir göstərir. FED-in yeni rəhbəri postuna uğursuz namizədin seçilməsi istiqraz bazarında dərəcələrin yüksəlməsinə gətirib çıxartmaqla yanaşı, iqtisadiyyatın böyüməsinə təhdid yarada bilər.

Ona görə də bir çox insanlar hesab edir ki, FED sədrliyinə namizədi irəli sürməzdən əvvəl bir neçə ay təhlil aparmaq lazımdır. Cari ilin iyun ayından Yelleni əvəz edəcək namizədlərin seçilməsi ilə ABŞ Milli İqtisadi Şurasının direktoru Herri Kon məşğul olur. ABŞ Mərkəzi Bankına rəhbərlik etməyə hazır olan Herri Kon əvvəllər “Goldman Sachs” investiya bankının baş meneceri işləyib. FED-ə növbəti rəhbərinin də H.Kon olacağı haqda rəylər üstünlük təşkil edir. Lakin Konqresdəki Respublikaçıların əksəriyyəti onu dəstəkləmir.

Federal Ehtiyat Sistemi hər zaman siyasi çəkişmələrdən uzaq durmağa çalışsa da, hazırda Ağ Evdə hesab edirlər ki, bu mühüm posta respublikaçılara yaxın şəxs gəlməlidir. Bu baxımdan, prezident Trampın Konun namizədliyini irəli sürməsi “Goldman Sachs”ın əməkdaşını özünə müşavir təyin etməsinə qarşı çıxan konqresmenləri məyus edə bilər. Lakin Konqres üzvlərindən biri “Politiko” qəzetinə açıqlamasında bildirib ki, əgər Herri istəsə, həmin postu əldə edəcək. Çünki mühafizəkarların əksəriyyətinin səsini qazana biləcək.
FED sədrliyiniə daha bir şanslı namizəd Kevin Uorşdur. 2006-2011-ci illərdə FED-in üzvü olmuş K.Uor. ən bu qurumun tarixində ən gənc namizəd hesab olunur. Lakin onun iqtisadiyyat sahəsində heç bir elmi dərəcəsi yoxdur. “FED-ə iqtisadçı olmayan bir şəxsin rəhbərlik etməsi bizim pul-kredit siyasətimizi canlandıra bilər”,-deyə Amerika Bankçılar Cəmiyyətinin prezidenti Kem Fayn bildirib. Bəziləri isə Herri Konu Ağ Ev Administrasiyasının rəhbərliyinə potensial namizəd kimi görürlər. O, bu işi Mərkəzi Bank rəhbərliyindən də üstün tuta bilər. SNBC-nin sədri postuna iddialı olması barədə sualı cavablandıran H.Kon “Xeyr, mən işimdən razıyam. Prezidentlə işləmək mənim çoxdankı arzum idi”cavabını verib. Analitiklər Konun dünya iqtisadiyyatının faktiki mərkəzinin rəhbəri olmaq perspektivi qarşısında dayanmağı bacaracağına şübhə ilə yanaşır: “Yaxın perspektivdə Federal Ehtiyat Sisteminin rəhbəri iqtisadiyyata daha çox təsir etməlidir, nəinki hökumətdəki hər hansı şəxs”,-Brukinq İnstitutunun əməkdaşı Alan Kleyn belə deyib.

Yelleninin dövründə FED iqtisadiyyata on ilə yaxın davam etmiş fövqəladə dəstəyi dayandırmaq üçün 2017-ci ildə dolların uçot dərəcəsini bir neçə dəfə artırıb. FED həmçinin, maliyyə böhranından sonra Mərkəzi Bankın balansında olan xəzinə vekselləri və ipoteka qiymətli kağızlarıdan ibarət böyük portfelin azaldılması ilə bağlı planlar hazırlamağa başlayıb. Maliyyə bazarına mənfi təsirlərin qarşısını almaq üçün bu planın dəqiq detalları və həyata keçirilməsi cari ilin sonunda məlum olacaq. Əgər FED səhvə yol versə, dərəcəni qaldırıb balansı tez ixtisar etsə, bu iqtisadiyyatı resessiyaya yuvarlaya bilər. Bu da 2018 və 2020-ci illərdə keçiriləcək seçkilərdə respublikaçıların mövqeyinə ciddi zərbə vura bilər.

Hələlik Donald Tramp Canet Yelleni başqası ilə əvəz etmək niyyəti barədə rəsmi açıqlama verməyib. Prezident daha aşağı uçot dərəcələrinə üstünlük verir. Əgər Yellen vəzifəsində qalmalı olarsa, o zaman daha sərt monetar siyasət yürüdüləcək. ABŞ Mərkəzi Bankının sədrliyinə real namizəd kimi həmçinin, FED-in İdarə Şurasının üzvü Cerom Pauell, “Bancorp” Holdinq şirkətinin prezidenti Riçard Devis və “PNC Financial Services Group” şirkətinin sabiq direktoru Cim Rorun da adları çəkilir. Ancaq Herr Konun və Kevin Uorşun seçilmək şansı daha yüksək görünür.

Facebook şərh