Pirallahı icra başçısının ağlasığmaz yalanı


Rövnəq Abdullayevin və Mikayıl İsmayılovun adları siyahıya salınmayıb

Pirallahı rayonunda baş verən və etirazlara səbəb olan olaylarla bağlı Realliq.info geniş məlumat verib.
İcra başçısı Vasif İmanovun rəhbərliyi dövründə SOCAR prezidenti Rövnəq Abdullayev və digər bu kimi məmurlar dəniz kənarında milyonlarla dollara başa gələn villalar ucaltmaqla yolların kəsilməsinə səbəb olmaqla, insanlara süni problemlər yaradıblar. Lakin, SOCAR şefinin qanunsuz əməllərinə qarşı hər hansı tədbir görülmür, narazı insanların problemlərinə məhəl qoyulmur.

Bir neçə ay öncə ölkə başçısı, Xəzər dənizi kənarında tikilən obyekt və villaların siyahıya alınması və sahiblərinin kimliyi ilə bağlı məlumatların toplanması barədə tapşırıq vermişdi. Həmin tapşırıqdan sonra Bakının bir sıra rayon icra başçıları siyahını hazırlamaq üçün villaların kimlərə məxsus oması barədə məlumatlar toplamağa başladılar. Lakin həqiqətlər gizlədilməklə ölkə rəhbərliyinə yalan məlumatlar verilməkdədir.
Belə ki, Pirallahı rayonunda dənizkənarı ərazilərdə tikilən obyektlərin əsl sahiblərinin adı siyahıda qeyd olunmayıb. Vasif İmanovun tapşırığı ilə Prezident aparatına yalançı məlumatlar verilib və onun hazırladığı siyahıda villa sahiblərinin adları gizlədilib.

Nəzərə alsaq ki, Pirallahı rayonunda qeyd olunan yerlərdə tikilən obyektlərin sahibləri nazirlər və nazir müavinlər, eləcədə şirkət prezidentləridir o zaman siyahının saxtalaşdırılmasının məqsədi bəlli olur.
Pirallahı icra başçısı Vasif İmanovun “day-dayısı” hesab olunan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin isə dəniz kənarının əsl “sahib”i olduğu hamıya məlumdur. Realliq.info qeyd edir ki,Vasif İmanov SOCAR prezidentinin villasını və obyektlərini siyahıda qeyd etməyib. Bununla da ölkə başçısının tapşırığına məhəl qoymayan Vasif İmanov öz şefinin arzu və istəklərini həyata keçirib.
Rövnəq Abdullayev kimi digər məmurların da adına siyahıda rast gəlinmir. Icra başçsı bu yolla həm şəxsi maraqlarına xidmət etmiş olur, həm də əsl şefinin Rövnəq Abdullayev olduğunu təsqiq edir. Ölkə başçısına yalan məlumatlar verən Pirallahı rayon rəhbərinin bu özbaşınalığı diqqətdən yayınmamalıdır.

Prezidenti aldadan icra başçısının saxta siyahısı ilə bağlı Realliq.info rəsmi olaraq ölkə başçısına müraciət ünvanlayıb. Ümid edirik ki, Pirallahıda dənizkənarı ərazilərdə tikilən villaların əsl sahiblərinin kimliyi yenidən araşdırılacaq və Prezidentə yalan məlumatlar verən icra başçısı Vasif İmanov cəzalandırılacaqdır.


Rövnəq Abdullayevlə yanaşı SOCAR –ın vitse-prezidenti Mikayıl İsmayılovun da adı siyahıya salınmayıb. İcra başçısı Prezidenti aldatmağa cəhd etməklə öz şeflərini qoruması cəmiyyətdə də etirazlara səbəb ola bilər. Maraqlıdır ki, Pirallahının hər qarışının sahibinə çevrilən Rövnəq Abdullayevin obyektlərinin yerinə sadə vətəndaşların adları qeyd olunub.

Pirallahı rayon icra başçısı təkcə bu yalanı ilə diqqət mərkəzinə düşməyib. Bu məmurun özünün adı ilə başlayan “VAST” MMC vasitəsilə mənimsədiyi milyonlar gizli qalmayıb. Ailə üzvlərinin adını cəmləşdirən, (Vasif, Aynur, Söhrab, Turan) “VAST”MMC – nin rəhbəri icra başçısının oğlu Söhrab İmanovdur. Xatırladım ki, Vasif İmanovun kiçik oğlu Turan İmanov “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynovun kürəkənidir. Məhz bu səbəbdəndir ki, “Azərsu”ASC-nin sədri layihələrin bir çoxunu “VAST” MMC-yə hədiyyə edib. Təkcə Qobu qəsəbəsinin içməli su ilə təmin edilməsi üçün ayrılan 8 milyon manat Vasif-Qorxmaz cütlüyünün cibinə gedib. Qobu camaatı isə hələ də içməli suya həsrətdir. Söhrab İmanova bu mövzu ilə bağlı müraciət edənlər bir cavab ala bilirlər: Pul yoxdur. Bəs 8 milyon hanı sualına, icra başçısının oğlu cavab tapa bilmir. Realliq.info qeyd edir ki, Söhrab İmanov qatıldığı məclislərdə pulların SOCAR prezidenti Rövnəq Abdullayevə çatdığını önə çəkir. “Bu Rövnəqdə hər qazancımıza şərikdir” – deyən S.İmanovun nə qədər haqlı olduğunu Vasif İmanov daha yaxşı bilər. Bu barədə növbəti yazıda.

Pirallahıda dəniz kənarında tikilən villaların kimə məxsus olduğu barədə siyahını dəqiqləşdiririk. Bununla yanaşı icra başçısının yalançı siyahısını da dərc edəcəyik.
Araşdırmalarımız davam edir.
Realliq.info 

Facebook şərh