Şirvan Şəhər Uşaq Poliklinikasının baş həkimi dövlət əhəmiyyətli layihənin qarşısını necə alır


Şirvan şəhər səhiyyəsinin bərbad durumu barədə indiyədək onlarla yazı dərc etmişik, problemlərə toxunaraq sakinləri narahat edən məsələlərin ictimailəşməsinə xidmət etmişik. 

Həkim səhlənkarlığı, yanlış diaqnoz, savadsızlıq və rüşvətxorluğun tüğyan etdiyi şəhər səhiyyəsi barədə daha bir materialı oxucularımızın nəzərinə çatdırırıq.

Şirvan şəhər sakinlərindən OperativXeber.az redaksiyasına növbəti müraciət daxil olub.

Sağlamlıq imkanları məhdud azyaşlıların reabilitasiyası və sosial müdafiəsi ilə bağlı sənədlərin ƏƏSMN-ə göndərilməsinin qarşısını alınmasının və bu işdə Uşaq Poliklinikasının baş həkimi Şirinxanım Səmədovanın əli olduğunu bildirən şikayətçilər saytımız vasitəsi ilə müvafiq orqanlardan köməklik istəyir:

“Biz, Şirvanlı valideynlər, Uşaq Poliklinikasında yol verilən qanunsuzluqlardan cana doymuşuq, çünki buranın Baş həkimi Şirinxanım Səmədova, əlillik dərəcələrinin müəyyənləşdirilməsi ilə bağı sənədlərimizi qəbul etmir, daha doğrusu açıq-aşkar şəkildə bildirir ki, filan qədər pul verməlisiniz, əks halda sizin sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəlməyəcəkdir.

Əvvəllər ərazi üzrə 33 saylı Tibbi Sosial Ekspert Komissiyasına müraciət edirdik, işimiz asan olurdu. Sonradan TSEK müraciətləri kompüter vasitəsi ilə qəbul etdiyindən işimiz çətinləşdi.

Kimə müraciət edirik, deyirlər Ərazi üzrə Uşaq Poliklinikasına müraciət etməlisiniz. Bura da gəlirsən, Baş həkim bizi qəbul etmir. Günahını gah kompyuterə, gah da Bakının üzərinə atır.

Qalmışıq odla su arasında. Bilmirik dərdimizi kimə deyək..

Mətbuat vasitəsi ilə dövlət orqanlarından köməklik istəyirik, xahiş edirik ki, müraciətimi araşdırıb Şirvan Şəhər Uşaq Poliklinikasının Baş həkimi barədə ciddi tədbirlər görəsiniz” ..

Xatırladaq ki, adıçəkilən Baş həkim 19 sentyabr 2007 tarixində həkim səhlənkarlığı ucbatından dünyasını dəyişmiş Şirvan sakini, 10 yaşlı Məmmədova Mina Ruslan qızının ölümündə bilavasitə təqsirkar bilinirdi.

 
Facebook şərh