Yevlaxda sahibkarlarla fermerlər başçı ilə çiyin-çiyinə… – 159 milyon hara gedib?


Yevlaxda sahibkarlıq və aqrar sektor inkişaf edir. Postneft dövrünə keçid rayonda bu sahələrin irəliləyişinə səbəb olub

Ulus.Az-a verilən məlumata görə, Yevlaxın icra başçısı Qoca Səmədovun üzərində dəstəyini hiss edən iş adamları, fermerlər bazarda sərbəst fəaliyyət göstərirlər.

Yevlaxda yaradılan Aran Regional İnkişaf Mərkəzinin fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Belə ki, regionun prioritet istiqamətləri üzrə təkliflərin hazırlanması, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr arasında əlaqələndirmə işlərinin aparılması və monitorinqlərin keçirilməsi bu sahəyə daxildir.

Habelə, biznesin inkişafı, sahibkarlıq subyektləri arasında biznes əlaqələrinin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi mərkəzdə baş tutacaq.

Ölkədə fəaliyyət göstərən biznes inkubatorlar da məhz gənclərin sahibkarlıq fəaliyyətinə hərtərəfli hazırlanmasına xidmət edir.

Biznes inkubator sahibkarlığa başlamaq istəyənlərə zəruri maddi-texniki, təşkilati, həmçinin metodik dəstəyi təmin etmək məqsədini daşıyır.

Bu ilin birinci rübündə Yevlax rayonunda ümumi məhsulun həcmi 159,2 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 26,4 milyon manat və yaxud 21,3 faiz çoxdur.

Ümumi məhsulun 2,5 milyon manatını sənaye, 14,8 milyon manatını kənd təsərrüfatı, 11,1 milyon manatını tikinti təşkil edib.

Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 11 milyon 625 min manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4,4 dəfə çoxdur.

Ulus.Az-a verilən məlumata görə, Yevlaxın icra başçısı Qoca Səmədovun vətəndaşların müraciətlərinə həssaslığı, qəbullar keçirməsi, problemi olanların həllinə yerindəcə göstəriş verməsi rayonda əhalini qane edir.

Rayonda bürokratik əngəllər aradan qaldırılıb, məmur süründürməçiliyi yoxdur, sakinlər üçün rahatlıq və təhlükəsizlik təmin olunub.

İcra başçısı vətəndaşlarla işləmək, ünsiyyət qurmaqda özü maraqlıdır. Q.Səmədov istəyir ki, hər bir yevlaxlının problemi həll olunsun, narazı qaldığı məsələ olmasın.

Ona görə də prezidentin tapşırıqlarına uyğun olaraq, icra hakimiyyəti rəhbərliyi daima vətəndaşlarla təmasdadır, onlara xidmət edir, fermerlərə, kəndlilərə, sahibkarlara dəstəyini əsirgəmir.

Rayonda tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib.

Prezident İlham Əliyev aprelin 16-17-də rayona səfəri zamanı Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin, Varvara balıqartırma müəssisəsinin, Varvara Su Elektrik Stansiyasının açılışında, Aran Regional İnkişaf Mərkəzinin təqdimat mərasimində iştirak edib. Bu, həm də iş yerlərinin açılması deməkdir.

Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçasının binalarının, Kür çayı üzərində dəmir yolu körpüsünün tikintisi aparılır. 12 kənddə 28 min hektar sahədə meliorasiya işləri həyata keçirilir.

Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilir, uğurlarla yanaşı, problemlər də sadalanır, onların həlli üçün təkliflər irəli sürülür.

Facebook şərh