“Merkuri 1” gəmi-bərəsi əsaslı təmir olunaraq, yenidən istismara qaytarılıb - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Merkuri 1” gəmi-bərəsi əsaslı təmir olunub.

Səhmdar cəmiyyət xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəmi-bərənin baş mühərrikləri əsaslı təmir olunub, üç ədəd köməkçi mühərrikindən ikisi yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexanizimlərinin (nasosların, separator, kompressor) təmiri aparılıb.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip bir ədəd “Inmarsat-C” peyk rabitə terminalı, 2 ədəd mobil ultraqısa dalğalı (UQD) radiostansiya, bir ədəd dərinlik ölçən exolot, iki ədəd stasionar UQD radiostansiya üçün anten, bir ədəd elektron xəritə (ECDİS), radiolokasiya stansiyası (RADAR) və girokompas quraşdırılıb.

Eyni zamanda “Merkuri 1” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

0.13367295265198